AMEA-nın Əsas binasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Beynəlxalq münasibətlərdə Naxçıvan və müasir dövrdə inkişaf prosesləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Milli Məclisin deputatları, Türkiyə və Rusiyadan olan tarixçi alimlər, elmi ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Öncə foyedə Mərkəzi Elmi Kitabxana tərəfindən Naxçıvanın müxtəlif tarixi mərhələlərini əks etdirən sərgi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə Naxçıvan Muxtar Respublikasının tarixi, mədəniyyəti və müasir inkişafı ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli Sərəncamı əsasında ölkəmizdə keçirilən yubiley tədbirləri geniş mənada Azərbaycanda milli dövlətçilik təfəkkürünün, ərazi bütövlüyü düşüncəsinin daha da dərinləşməsinə və möhkəmləndirilməsinə xidmət edən dövlət siyasətini özündə cəmləşdirir.
Tarix boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş Naxçıvan diyarının Azərbaycana Heydər Əliyev kimi böyük dövlət xadimi bəxş etdiyini xüsusi vurğulayan A.Əlizadə bu torpağın Əcəmi Naxçıvani kimi dahi memar, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi səviyyəsində qüdrətli ədiblər, Nəsrəddin Tusi, Nəcməddin Naxçıvani, Məhəmməd ibn Hinduşah Naxçıvani, Yusif Məmmədəliyev, Həsən Abdullayev, Məmməd Cəfər Cəfərov, Möhbalı Qasımov, Abbas Zamanov kimi alimlər də yetişdirdiyini, Azərbaycanda dövlətçiliyin, elmin və ictimai fikrin inkişafında qədim diyarın böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Akademik bu gün ölkəmizin digər bölgələri kimi, muxtar respublikanın da sürətlə inkişaf etdiyini xüsusi vurğulayıb.
“Naxçıvanın muxtariyyət statusu əldə etməsi Azərbaycan dövlətçiliyinin nailiyyəti kimi” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədədbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan dövlətçiliyi tarixində Naxçıvanın xüsusi yeri vardır. Naxçıvan tarixin ən müxtəlif dövrlərində minilliklər boyu Azərbaycanın Cənub-Qərb ərazilərinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi uğrunda həmişə mübarizə aparmışdır. Bildirib ki, 1918-ci ildə qurulan Naxçıvan Türk Respublikası bu diyarın muxtar respublika statusu qazanmasına zəmin yaratmışdır. Ötən əsrin əvvəllərində Nəriman Nərimanov, Behbudağa Şahtaxtinski, Kazım Qarabəkir Paşanın və başqalarının böyük xidmətlərini xatırladan akademik bildirib ki, Naxçıvan misilsiz tarixi nailiyyətlərə imza atmışdır. Müasir dövrdə ümummilli lider Heydər Əliyevin dönməz iradəsi ilə Naxçıvan MR Ali Məclisinin sessiyasında üçrəngli bayrağın Azərbaycanın dövlət rəmzi kimi qəbul edilməsinin ölkəmizdə müstəqil dövlətçiliyə misilsiz tarixi xidmətin ifadəsi olduğunu diqqətə çatdıran akademik Naxçıvan Muxtar Respublikasının yaranmasının və keçdiyi şərəfli yolun Azərbaycan dövlətçiliyinin tarixi nailiyyəti olduğunu bildirib.
Sonra Ərzurum Universiteti Tarix Bölümünün müdiri, professor Yavuz Aslan“Qars müqaviləsi və Naxçıvanın muxtariyyət məsələsi”, rusiyalı professor Yuri Kuznetsov “Rusiya mənbələrində və Moskva müqaviləsində Naxçıvan”, AMEANaxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikası müstəqillik dövründə”, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Teymur Kərimli “Naxçıvan ədəbi mühiti: tarix və müasirlik” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirdə Behbudağa Şahtaxtinski nəslinin davamçısı, görkəmli diplomat Aleksis Şahtaxtinski və Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəsi Bəxtiyar Əsgərov çıxış edərək muxtar respublikanın müasir inkişaf yolundan danışıb.
Yekun sözü ilə çıxış edən akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə çapa hazırlanan məqalələr toplusunun yubileyə sanballı töhfə olacağını diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.