Fevralın 12-də “Sabahın alimləri” VIII respublika müsabiqəsinin açılış mərasimi keçirilib.
Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkə başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan danışıb. Bildirib ki, tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib.
Nazir müavini ölkəmizdə ənənəvi olaraq keçirilən “Sabahın alimləri” müsabiqəsinin məqsədinin gənclərin diqqətini yaşadığımız mühitdə olan problemlərə və onların həllinə yönəltmək olduğunu deyib. Bildirib ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 42 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi yüksək nailiyyətlərlə ali təhsil müəssisələrində və xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər.
Tədbirdə Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Heydər Əliyev Mərkəzinin departament direktoru Məhəbbət Mehdiyeva və digərləri çıxış edərək ölkədə həyata keçirilən gənclər, təhsil və elm siyasətinin uğurlarından danışıb, müsabiqənin gənclərin istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Qeyd edək ki, 2012-ci ildən etibarən keçirilən müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, AMEA, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə reallaşır. Müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müxtəlif mükafatlara layiq görülüb.
Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunur. Ən yaxşı layihələrin qalibləri isə ABŞ-da hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin qatıldığı Intel ISEF sərgisində iştirak edəcək.
“Sabahın alimləri” VIII Respublika müsabiqəsi fevralın 14-də başa çatacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.