Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CULTURE

05.11.2020 12:40
  • A-
  • A
  • A+

Tarix Muzeyində Sasanilər dövrünə aid gümüş sikkə dəfinəsi saxlanılır

Tarix Muzeyində Sasanilər dövrünə aid gümüş sikkə dəfinəsi saxlanılır

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda 1958-ci ildə Tovuz rayonunun İbrahimhacılı kəndində tapılmış gümüş sikkələrdən ibarət dəfinə (cəmi 80 sikkə) qorunur.

Tapıntı muzeyin görkəmli numizmat alimi, professor Əli Rəcəblinin sayəsində muzeyə təhvil verilib və numizmatik təyinatı edilib. Təyinata əsasən, dəfinədəki gümüş drahmalar Sasani şahənşahları - I Qubad (488 – 496; 499 - 531), I Xosrov (531 - 579), IV Hörmüzd (579 - 590) və II Xosrovun (590 - 628) hakimiyyəti dövründə Dərbənd, Bərdə, Bakı, Naxçıvan və d. şəhərlərdə zərb olunub. Dəfinədəki erkən gümüş sikkə I Qubadın II hakimiyyətinin 14-cü ilinə (531), sonuncu sikkə isə II Xosrovun hakimiyyətinin 27-ci ilinə (617) aiddir.

Sasani gümüş drahmalarının üst tərəfinin mərkəzinə sağa istiqamətlənmiş başında tac və bəzək əşyaları taxmış şahənşah, ətrafına pəhləvi dilində dini ifadələr, hökmdar titulu ilə adı, ətrafında Ay, ulduz və digər naxışlar həkk edilirdi. Arxa tərəfinə isə mərkəzə atəşgah və onu qoruyan iki mühafizəçi, onların sol tərəfinə zərb tarixi, sağ tərəfinə isə monoqramlar (zərbxana) həkk edilirdi.

Muzeydə qorunan bu sikkə dəfinəsi Sasani dövrü numizmatika tariximizin tədqiqi baxımından əhəmiyyətlidir. 80 ildən artıq bir dövrü əhatə edən bu dəfinə erkən orta əsrlərdə Azərbaycanın pul təsərrüfatını açıqlamağa yardım edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: