Yaşıl donlu,
Mavi gözlü,
Al duvaqlı sevdiyim...
Tarixi günlər yaşayırıq...
İllər boyu həsrətlə yaşadığımız o gün gəlib çatdı. Ali Baş Komandanın başçılığı altında şanlı Azərbaycan ordusu Qarabağı, Şuşanı yağı düşməndən azad etdi. Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı!
30 il... Ömrümüzdən alınan üç onillik. Bu illəri itirilmiş qürurumuzla yaşamağa məhkum olduq. Ağladıq, sızladıq, öz-özümüzü qınadıq.
Çox sözlər eşitdik. Çox təhqirlərə dözdük. Səbr etdik.
İnamın, ümidin sanki sınacağı bir anda o böyük gün gəldi!
Zəfər çaldıq! Tarix yazdıq! Ulu Tanrıya şükürlər olsun!!! 30 ilin düyününü 44 günün içində açdıq və dünyaya səs saldıq! Qalib Ali Baş Komandanın dediyi kimi “Xalq bir yumruğa döndü!”, millətindən, dinindən asılı olmayaraq, birləşdi, bütövləşdi. Biz dünyaya ağıl, bilik, güc, mərdanəlik göstərdik. Biz çoxlarının gizli-gizli həsəd apardıqları birlik, xeyirxahlıq, sülhpərvərlik, beynəlxalq qanunlara hörmət nümayiş etdirdik! Həddən artıq mürəkkəb siyasi-ictimai bir şəraitdə və zamanda özümüzü təsdiq etdik. Azərbaycanın savaş tarixinə, dünya hərb tarixinə, dərsliklərə düşəcək yeni səhifə yazdıq.
Qələbələrimiz sınmış qürurumuzu özümüzə qaytardı. Əyilmiş qəddimizi tarıma çəkdi. Bükülmüş boynumuzu dikəltdi. Göz yaşlarımızı sildi. Alçaldılmış, sarsılmış ruhumuzu dirçəltdi!
Şuşa hamımız üçün, bütün Azərbaycan xalqı üçün müqəddəsdir. Lakin biz musiqiçilər üçün Şuşanın öz yeri var. Şuşa Azərbaycanın musiqi beşiyidir. Səcdə etdiyi “Məkkə”sidir. Mədəniyyət ocağıdır. Musiqimizin peyğəmbəri, dahi Üzeyir bəyin ana yurdudur. Bütün Qafqazın, əslində bütün Şərqin Konservatoriyasıdır. Birmənalı şəkildə, demək olar ki, musiqi xəzinəmizin zəngin sənət örnəklərinin əksər çoxluğu məhz Qarabağın xanəndə və sazəndələrinin, eləcə də ustad aşıqlarının adı ilə bağlıdır. Azərbaycan milli musiqi irsinin əsas hissəsi məhz Qarabağın payına düşür desək, yanılmarıq. Bunu hamımızın sevə-sevə dinlədiyimiz el havalarının adları da deyir: “Qarabağı”, “Uzundərə”, “Güllücə”, “Qaradağı”, “Arazbarı”, “Gülüstanı” (kənd və yer adları), “Qarabağ dübeyti”, “Qarabağ qaytarması”, “Qarabağ qaytağı”, “Qarabağ kərəmisi” və b.
Gözüm önündə yenə, artıq kitablara, yaddaşlara əbədi həkk olunmuş müqəddəs bir mənzərə canlanır...
Cıdır düzü... İsa bulağı... İçimizə çəkdiyimiz həyat dolu dərin bir nəfəs... Ruhumuzu oxşayan həzin bir su şırıltısı... Güllü-çiçəkli təbiət qoynu, bülbüllərin cəh-cəh vurduğu yamyaşıl bir meşə, musiqi sədalarının eşidildiyi, dadlı təamların ətrinin yayıldığı bir cənnəti-məkan...
Bulaq başında oturub oxuyan Xan... və bu cızdığım tablonun ən parlaq, həyəcanla gözlənilən anı, heyrətamiz “Qarabağ şikəstəsi”nin ürəkləri titrədən zil sədaları... Uca dağların qoynunda havalanan, qəlblərə süzülən, bəzən nikbin, bəzən də kədərlə yüksələn avaz, sehirli bir səs... Təkrar olunmayacaq bir ifa... Və bu səsi heyranlıqla dinləyən böyük bir izdiham.
Bu, Şuşanın səsidir, Qarabağın səsidir. O səs ki, bizi ardınca özüylə aparır. Qəlbimizi təmizləyir, ruhumuzu saflaşdırır, bizi özümüzə tanıdır, bizi daha artıq azərbaycanlı edir...
Bu həmin səsin əks-sədasıdır ki, sıravi Azərbaycan əsgəri Şuşada otuz ildən sonra Gövhər ağa məscidində azan oxuyur, “Qarabağ şikəstəsi” ilə içindəki duyğuları silkələyir, əlinə keçən qarmonu ilə haykırır, azad edib qucaqlaşdığı Şuşada, evlərində birində rast gəldiyi royalda sevinclə “Sarı gəlin” havasını çalır, oxuduğu el havalarıyla həyatsevər, qəhrəman ruhunu sərgiləyir. Kəlbəcərdən qovularkən təkcə sazını özü ilə götürən qaçqın-köçkün bu gün “Cəngi Koroğlu”nu səsləndirir.
Vətən müharibəsi xalqımızın üstün keyfiyyətlərini bir daha üzə çıxardı: Bitib tükənməyən yaradıcılıq həvəsini, yumor hissini, həyata nikbin baxışlarını...
Xalq durmadan özünün aşıb-coşan hisslərini ifadə edir, baş verən hadisələrə münasibətini şeirlə, sözlə, musiqi ilə ifadə edir. Yeni bayatılar, yeni mahnılar, yeni deyimlər, yeni lətifələr və b. çağdaş folklor nümunələri yaranır. Görün Cabbar Qaryağdının məşhur “İrəvanda xal qalmadı” mahnısının poetik mətni bu günlərdə xalq tərəfindən necə səsləndirilib:
İrəvanda tank qalmadı,
O tank nə tankdı
Qoşa düzdürmüsən.
Tank mənim, torpaq mənim,
Xalxa nə var ki, hara düzdürmüşəm?
MN deyibki ora düzdürmüşəm. (Müdafiə Nazirliyi)
Səməd Vurğunun “Qarabağ şikəstəsi” havasında oxunan məşhur misraları isə bu gün aşağıdakı şəkildə zamana uyğunlaşdırılıb:
Ordum keçir Qarabağdan!
Gah o dağdan, gah bu dağdan
Axşamüstü qoy uzaqdan
Havalansın İlham səsi:
Qarabağın Qələbəsi!!!
Və ya
Ordum keçsin Qarabağdan
Gah Şuşadan, gah Ağdamdan
Axşamüstü Komandandan
Xəbər gəlsin: “Zəfər çaldıq”
Qarabağı tamam aldıq!”
Xan Şuşinskinin dillərdə əzbər olan, indi dönə-dönə səsləndirilən “Şuşanın dağları” mahnısının dili ilə xalqımız öz hisslərini belə ifadə edir:
Şuşanın dağları başı dronlu,
Ətəyi tanklardı, üstü bronlu,
Çatırlar, zabitlər milli poqonlu,
Çatırlar, zabitlər çiyni poqonlu.
Nikol, bu nə qaş-göz, bu nə tel?
Vuracaq əsgərlər, bunu bil!
Gözləyirdik bunu otuz il!
Və nəhayət, Şuşaya, Şuşa qalasına sonsuz məhəbbəti, nisgili, həsrəti ifadə edən qədim bayatının bu günkü təfsiri:
Bu qala, bizim Qala,
Həmişə bizim qala,
Bitdi torpaq həsrəti
Gəlirik, bizim qala!
Bu sətirlərin kim tərəfindən yarandığını bilmirik. Bu yazdıqlarımız internetdə yayılan postlardan götürülmüş misraların çox kiçik bir hissəsidir. Çox yəqin ki, bunların müəlifi var. Bu misralarda vətənə sevgi, dərin hikmət, baş verənlərə yerindəcə cavab və incə yumor hissi duyulmaqdadır. Və deməyə bircə söz qalır: yaşa xalqım, sağol xalqım! Daim yaradan, yetənəkli, iti ağıllı, hazırcavab, istedadlı insanlarla bol olan Azərbaycan xalqı.
Yazılmış postlardan biri də diqqətimizi cəlb etdi:
Qafqazlardan əsib gələn yellər bizim yelimiz,
Qırğız, qazax, özbək, azər bizim dilimiz,
Musul, Kərkük, Can Qarabağ!
Ellər bizim elimiz,
Haykır Əliyev, Rəis Haykır!
Turan ellər var olsun!
Çalxalansın Qara dəniz!
Tanrı Türkə yar olsun!
Azərbaycan xalqının yaratdığı sənət örnəkləri arasında belə bir nümunə də var. Onun adı “Kağan dağlar” dır. Bu hava Şuşa dağları tək uca, sıldırım, keçilməz dağların əzəmətini və onun qədər məğrur olan xalqın güçünü-qüdrətini, yenilməzliyini özündə ifadə edir:
Gəlirik, Kağan dağlar!!!!
P.S. “Kağan dağlar” havası musiqi ictimaiyyətinə ilk dəfə olaraq təqdim olunur. 1938-ci ildə yazıya alınmış bu havanın not əlyazması Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun arxivində saxlanılır. Əlyazmanın müəllifləri görkəmli bəstəkar Cövdət Hacıyev və musiqişünas Məmməd Saleh İsmayılovdur. Not yazısı bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən redaktə olunub (ETMK materialları, 1938-ci il).
İradə KÖÇƏRLİ, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.