Çin Elmlər Akademiyasının (ÇEA) səlahiyyətləri başa çatan prezidenti, ÇEA-nın Akademik Bölmələrinin Rəyasət Heyətinin fəxri prezidenti, professor Çunli Bai AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə məktub ünvanlayıb.
Ç.Bai məktubunda iki qurum arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində Azərbaycan alimlərinin səylərini yüksək qiymətləndirdiyini bildirib. O, mövcud və gələcək əməkdaşlıq imkanlarının iki ölkə arasında elm və texnologiya əlaqələrinin inkişafına töhfə verəcəyini söyləyib.
Professor Çunli Bainin məktubunun mətnini təqdim edirik:
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Professor Ramiz Ənvər oğlu Mehdiyevə
Hörmətli prof. Mehdiyev,
Sizə Çin Elmlər Akademiyasının vitse-prezidenti, icraçı vitse-prezidenti və prezidenti kimi 25 illik fəaliyyətimi başa vurduğumu bildirmək üçün yazıram. Ötən dövr ərzində Çin Elmlər Akademiyası ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün Sizin və təşkilatınızın göstərdiyi səyləri və dəstəyi yüksək qiymətləndirirəm. Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıqdan böyük zövq aldım.
Sizə, həmçinin xələfim prof. Jianguo Hounu təqdim etmək istəyirəm. Fiziki kimya və nanomaterial üzrə tanınmış ekspert olan prof. Hou Çin Elmlər Akademiyasına prezidentlikdən öncə vitse-prezident vəzifəsində çalışmışdır. Onun rəhbərliyi altında Çin Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əlaqələrin daha da inkişaf edəcəyinə tam əminəm.
Çin Elmlər Akademiyasının prezidenti vəzifəsini tərk etdikdən sonra Beynəlxalq Elm Təşkilatları Alyansının prezidenti və Milli Xalq Konqresinin Daimi Komitəsinin üzvü kimi fəaliyyətimi davam etdirəcəm. Gələcəkdə, həmçinin elmi-tədqiqat işlərimə daha çox vaxt sərf edəcəm. Çində və ölkə xaricindəki elmi ictimaiyyətlə birlikdə çalışmağa davam etməkdən məmnunluğumu bildirirəm.
Əminəm ki, Çin Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası üçün qarşılıqlı faydalı sahələrdə mövcud və gələcək əməkdaşlıq imkanları Çin-Azərbaycan elm və texnologiya əlaqələrinin inkişafına töhfə verməyə davam edəcək.
Hörmətlə,
Prof. Çunli Bai
Çin Elmlər Akademiyasının keçmiş prezidenti
Çin Elmlər Akademiyası Akademik Bölmələrinin Rəyasət Heyətinin fəxri prezidenti
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.