Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  STATEMENTS

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
12.05.2021 09:41
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki

Hörmətli həmkarlar!

Ramazan ayı bəşəriyyəti sülhə və mehribanlığa, tolerantlıq və dözümlülüyə çağıran İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”in nazil olduğu, eləcə də dinimizin beş şərtindən biri olan orucun tutulduğu, həmçinin savab cəhətdən min aydan daha xeyirli hesab edilən, səmanın qapılarının açıldığı, insanların dualarının qəbul olunduğu və günahlarının bağışlandığı Qədr gecəsini özündə ehtiva edən ən mərhəmətli aydır.

Ramazan ayı insanları Allahı sevməyə, daha çox dua və ibadət edərək imanını gücləndirməyə, nəfsinə hakim olmağa və iradəsini sınamağa, o cümlədən aclığı dərk etməklə ehtiyacı olanlara əl tutmağa, şəfqətli olmağa səsləyir.

İslam dininin aşıladığı əxlaqi-mənəvi keyfiyyətlər Azərbaycanda tarixən multikultural dəyərlərin formalaşmasında, tolerantlığın həyatımızın bir parçasına çevrilməsində önəmli rol oynamışdır. Nəticədə Konstitusiyamız ilə də təsbit edilmiş vicdan azadlığı sayəsində bu gün digər dinlərin nümayəndələri ölkəmizdə azad şəkildə dini ibadətlərini yerinə yetirir, dövlət rəhbərliyi tərəfindən onlara lazımi dəstək verilir.

Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim ölkəmizdə İslam dininin dəyərlərinə hörmətlə yanaşır, onun qayğısına qalırlar. Bunun məntiqi nəticəsidir ki, ötən müddət ərzində Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri, Gəncə şəhərindəki “İmamzadə” kompleksi yenidən qurulub, Bakıda Cənubi Qafqazın ən böyük ibadət ocağı olan Heydər məscidi inşa edilib. Artıq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarımızda mənfur düşmənlərimiz tərəfindən dağıdılan məscidlərimizin də bərpasına başlanılıb, şəxsən cənab Prezidentin Məkkədən gətirdiyi “Qurani-Kərim” özü tərəfindən Ağdam məscidinə bağışlanıb. Bu gün Azərbaycanda 2200-dən artıq məscid var və onlardan 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunmaqdadır.

Son illərdə ölkəmiz İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi işinə də öz töhfəsini verib və bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının aktiv üzvüdür. Belə ki, 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı elan olunmuş, həmçinin 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş, elə həmin il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir.

Dəyərli Akademiya əməkdaşları, Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, uca Allahdan oruc və dualarınızın qəbul olunmasını diləyir, xoş günlər, cansağlığı və elmi-tədqiqat işlərinizdə uğurlar arzulayıram.

Ramiz MEHDİYEV,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: