Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  STATEMENTS

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Qələbə Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki
08.05.2021 10:51
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Qələbə Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki

Hörmətli həmkarlar!

Sizi 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi qəlbdən təbrik edir, xoşbəxt  və firavan günlər arzulayıram.

Azərbaycan xalqı Böyük Vətən Müharibəsində göstərdiyi misilsiz şücaəti və qəhrəmanlıqları ilə faşizm üzərində qələbənin qazanılmasında mühüm rol oynamışdır. Belə ki, 600 mindən çox soydaşımız müharibənin bütün cəbhələrində - qaynar döyüşlərdə, partizan və kəşfiyyat dəstələrində, arxa cəbhədə fəal iştirak etmiş, Azərbaycan SSR vətəndaşlarından 130 nəfərə yaxını Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir.

Azərbaycanın strateji əhəmiyyəti və şübhəsiz, Bakı nefti qələbəyə gedən yolda həyati əhəmiyyətə malik olmuşdur. Müharibə illərində SSRİ-də istehsal edilən neftin 70-75%-i, benzinin 85-90%-i Azərbaycanın payına düşmüş, Bakı neftçilərinin fədakarlığı sayəsində 70 milyon ton neft, 22 milyon ton benzin cəbhəyə göndərilmişdir.

Faşizm üzərində qələbənin əldə olunmasında alimlərimiz də misilsiz xidmətlər göstərmişlər. Belə ki, görkəmli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında qısa vaxt ərzində aviasiya üçün böyük əhəmiyyət kəsb edən yüksək oktanlı yanacaq əldə etməyin sənaye üsulu hazırlanmışdır. Akademik Mustafa Topçubaşov isə müharibə illərində SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olmuş, həmçinin onun tərəfindən hərbi cərrahiyyə sahəsində yeni müalicə metodları hazırlanmış, nəticədə minlərlə yaralı ölümdən xilas edilmişdir.

Həmyerlilərimizin Böyük Vətən Müharibəsində dillər əzbəri olmuş qəhrəmanlıqları ötən müddət ərzində xalqımızın gənc nümayəndələrinin təlim-tərbiyəsinə, onların vətənpərvər ruhda yetişməsinə öz ideoloji-mənəvi töhfəsini vermişdir. Məhz bu ruhda yetişdirilən Azərbaycan oğulları 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlamış və 44 gün davam etmiş Vətən müharibəsində doğma Qarabağımızı düşmən işğalından azad etmişlər. Nəticədə bu il Qələbə Günü Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad edilməsi fonunda ikiqat bayram əhval-ruhiyyəsi ilə qeyd olunmaqdadır.

Bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşılır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır, birdəfəlik maddi yardımlar verilir.

Sizi Qələbə Günü münasibətilə bir daha təbrik edir, xoş günlər arzulayır, elmi yaradıcılığınızda uğurlar diləyirəm.

Ramiz MEHDİYEV,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: