AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı açaraq 20 Yanvar hadisələrinin baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş günlərdən biridir: "Faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib. Bu böyük cəsarət hissinin, eyni zamanda öz xalqına sonsuz bağlılığın və dərin sədaqətin tarixi nümunəsi idi".
M.Babanlı bildirib ki, artıq biz ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşları kimi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edirik. 20 yanvar şəhidlərinin ruhu indi şaddır. 8 noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə daxil olub, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulub. Azərbaycanın müzəffər ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qələbə qazanıb. 44 günlük müharibədə həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.
Sonra laboratoriya müdiri, dosent Aydın Paşacanov, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Faiq Məmmədov, böyük elmi işçi Süleyman Verdiyev və başqaları 20 Yanvar faciəsi barədə danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər. Qeyd edilib ki, ki, həm 20 Yanvar, həm də Vətən müharibəsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq və həmişə dərin ehtiramla yad ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.