Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

22.01.2021 10:45
  • A-
  • A
  • A+

“Akademik İsmayıl Hacıyev - 70” mövzusunda elmi konfrans keçirilib

“Akademik İsmayıl Hacıyev - 70” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin anadan olmasının 70 illiyi münasibəti ilə “Akademik İsmayıl Hacıyev - 70” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid qeyd edib ki, konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən akademik İsmayıl Hacıyevin anadan olmasının 70 illik yubileyi münasibətilə təsdiq edilən Tədbirlər planına uyğun keçirilir. Bu sənədin imzalanması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görkəmli akademikin timsalında elmə və elm adamlarına verdiyi yüksək dəyərin ifadəsidir.

Surə Seyid qeyd edib ki, İsmayıl Hacıyev Azərbaycan tarixşünaslığında ictimai fikrin inkişafında xüsusi yeri olan, çoxşaxəli fəaliyyəti ilə elmimizə sanballı töhfələr vermiş görkəmli alimlərdəndir. Onun elmi araşdırmaları milli tarix elminin daha da inkişaf etdirilməsinə, ictimai fikrin əsas problemlərinin araşdırılıb ümumiləşdirilməsinə uğurla xidmət edir. Naxçıvanşünaslığı özünə əsas elmi istiqamət seçən İ.Hacıyev tədqiqatçı alim kimi formalaşmışdır.

İsmayıl Hacıyev təkcə elmi nailiyyətlərinə görə deyil, həm də yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən ziyalıdır. Dünyanın bir sıra ölkələrində keçirilən 60-dan artıq simpozium və konfransların iştirakçısı olan Naxçıvanşünas alim həm tariximizi dünya elmi ictimaiyyətinə uğurla təqdim etmiş, həm də mənsub olduğu elm məbədinin dünyanın nüfuzlu dairələri tərəfindən tanınmasına nail olmuşdur. Azərbaycan dövlətçiliyinə, Heydər Əliyev siyasi kursuna və milli dəyərlərimizə sədaqətlə bağlı olan alim bu gün də böyük həvəs və fədakarlıqla çalışaraq Azərbaycançılıq ideologiyasının  təbliği, ictimai fikrin, Naxçıvanşünaslıq elminin inkişafına şərəflə xidmət edir.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli “Akademik İsmayıl Hacıyev haqqında söz” mövzusunda məruzə edib. AMEA Rəyasət Heyətinin akademikin 70 illik yubileyinin qeyd olunması münasibətilə xüsusi qərar imzaladığını diqqətə çatdıran alim ilk öncə yubilyara AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin təbrikini çatdırıb.

Naxçıvan Bölməsinin yüksək elmi göstəricilərini diqqətə çatdıran akademik İsa Həbibbəyli söyləyib ki, bu bölmə əməkdaşlarının uğuru olmaqla bərabər həm də müəssisə rəhbərinin yüksək təşkilatçılıq qabiliyyətinin nəticəsidir. “İsmayıl Hacıyev milli dövlətçilik tariximizin öyrənilməsinə sanballı töhfələr vermişdir”, -deyən alim bildirib ki, Naxçıvan mövzusu və Heydər Əliyev irsinin tədqiqi yubilyarın tədqiqatlarında xüsusi önəmə malikdir. O vurğulayıb ki, kitablarının strukturu, tərtib prinsiplərinin özünəməxsusluğu ilə seçilən İ.Hacıyev yüzlərlə arxiv materialını ilk dəfə olaraq elmi dövriyyəyə daxil edib. Yaradıcılığı sırf Azərbaycanşünaslığa xidmət edən alim topladığı faktları dərindən təhlil edərək, dəqiq nəticələr əldə etmişdir. Onun əsərləri elmi yenilik baxımından xüsusilə seçilir. Yüksək insani keyfiyyətləri ilə insanların sevgisini qazanmış İ.Hacıyev yorulmaz tədqiqatçı, etibarlı dost, zəhmətkeş alim, olduqca məsuliyyətli insan, daim axtarışda olan elm aşiqidir.

Konfransda, həmçinin Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevin “Akademik İsmayıl Hacıyev görkəmli elm təşkilatçısı kimi”, Naxçıvan Universitetinin rektoru, filologiya üzə fəlsəfə doktoru Nurlana Əliyevanın “Naxçıvan elm məktəbinin akademik nümayəndəsi”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzovun “Akademik İsmayıl Hacıyev tarixçi alim və pedaqoq kimi” və AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvanşünaslığın tədqiqi və təbliğində İsmayıl Hacıyevin rolu” mövzusunda məruzələri dinlənilib. Məruzəçilər görkəmli alim və ictimai xadim İsmayıl Hacıyevi təbrik edib, akademikin Azərbaycan elminə, milli tarimizin zənginləşdirilməsinə yönəlmiş şərəfli fəaliyyətində uğurlar arzulayıblar. Tədbirdə Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanı və universitet müəllimlərinin təbrik məktubu akademikə təqdim olunub.

Sonda akademik İsmayıl Hacıyev çıxış edərək elmin inkişafına, ziyalılara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını ifadə edib. 70 illik yubileyinin Naxçıvanda geniş şəkildə qeyd edilməsinin məsuliyyət hissini daha da artırdığını, bundan sonra da göstərilən etimadı doğrultmaq üçün çalışacağını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: