Son günlər bir sıra ölkə KİV-lərində AMEA-da aparılan islahatlar çərçivəsində həyata keçirilən yoxlamalar, struktur və kadr dəyişiklikləri haqqında çoxsaylı məlumatlar dərc edilməkdə, müxtəlif şərhlər verilməkdədir. Ölkənin elm məbədində gedən yenilənmə, müasirləşmə, təmizlənmə prosesinə mətbuat nümayəndələrinin, ictimaiyyətin böyük maraqla, diqqətlə yanaşması başadüşüləndir və bu, AMEA-nın rəhbərliyi tərəfindən də anlayışla qarşılanır. Ancaq təəssüf ki, bəzi KİV-lər, həmçinin elm sahəsinə heç bir aidiyyatı olmayan şəxslər baş verənlərin mahiyyətini qalmaqal və sensasiya yaratmaq xatirinə təhrif edərək, islahatlar prosesini fərqli şəkildə təqdim etməyə cəhd göstərirlər. AMEA-da gedən proseslərə siyasi don geyindirmək istəyən bəzi şəxslərin fikirləri, davranışları isə ümumiyyətlə gülüş və təəssüf doğurur.
İctimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, bu gün Elmlər Akademiyasında baş verən müsbət prosesə qulp qoyan şəxslərin əksəriyyəti cəmi bir neçə ay əvvəl AMEA-da heç bir prosesin getmədiyini, qurumun tənəzzülə doğru getdiyini car çəkir, “narahat olduqlarını” bildirirdilər. AMEA-da islahatlar başladığı zaman isə onlar yenilənmə və müasirləşmə xəttinin guya çox kəskin formada aparılmasından narahatlıq ifadə etməyə başladılar. Belə təzadlı davranış, əslində, həmin şəxslərin nə qədər qeyri-ciddi və qeyri-səmimi olduqlarından xəbər verir.
Ümummilli lider Heydər Əliyevin sözlərilə ifadə etsək, Elmlər Akademiyası Azərbaycan xalqının mənəvi sərvətidir və biz həmin sərvəti qoruyub saxlamalıyıq. Bu elm məbədinin şanlı keçmişi, parlaq ənənələri var və 75 illik zəngin irsin üzərindən birdəfəlik xətt çəkməyi təklif edənlər yanlış yoldadırlar. Təcrübə göstərir ki, xəstə bədən üzvünü müalicə etmək əvəzinə, onu kəsib atmaq səhv yanaşmadır. Bəli, bu gün akademiyada illərlə hökm sürmüş idarəsizlik və nəzarətsizlik ucbatından qurumda arzuolunmaz vəziyyət yaranıb və mövcud mənzərə haqlı olaraq elm ictimaiyyətini narahat edir. Narahatlıq doğuran problemlərin həlli üçün ardıcıl, qətiyyətli və bəzən də radikal islahatların aparılması qaçılmazdır. Hər kəs, o cümlədən də suyu bulandırmağa çalışanlar bunu nə qədər tez dərk etsələr, bir o qədər yaxşı olardı. Müasir dünyada hər bir ölkənin inkişafının, qüdrətinin başlıca meyarı onun iqtisadiyyatı və elmi potensialıdır. Elm tutumlu sahələr yaradılmadan iqtisadiyyatın və sənayenin inkişafından danışmaq əbəsdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ciddi və ardıcıl islahatlar xətti, müasirləşmə və yenilənmə siyasəti həyata keçirilir. Akademiya bu prosesdən kənarda qala bilməz və o, yeniləşən, müasirləşən Azərbaycanın tələblərinə uyğunlaşmalı, yeni meyarlarla ayaqlaşmağı bacarmalıdır. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ölkə başçısının tapşırığına əsasən akademiyada həyata keçirdiyi islahatlar da məhz bu məqsədə xidmət edir. Atılan addımları fərqli cür qələmə verənlər isə ya reallıqdan bixəbərdirlər, yaxud da qərəz hissinin təsirilə danışır və hərəkət edirlər.
Məlum olduğu kimi, hər ilin yanvar ayında Rəyasət Heyətində bölmələrin illik hesabatları dinlənilir. Builki hesabatlar göstərdi ki, 2020-ci ildə akademiya sistemində aparılan elmi fəaliyyət nəzərəçarpacaq dərəcədə fəallaşmış, elmi işlərin keyfiyyəti yüksəlmiş, nüfuzlu beynəlxalq nəşrlərdə çap olunan məqalələrin sayında ciddi artım müşahidə edilmişdir.
İctimaiyyəti əmin edirik ki, akademiyanın Rəyasət Heyəti islahatların məntiqi sonuna çatdırılmasında qərarlıdır və bu yoldan dönüş yoxdur. Akademiyada iş mühitinin sağlamlaşdırılması, elmi fəaliyyətin müasir dövrün standartlarına uyğunlaşdırılması, qayda-qanunun, nizam-intizamın yaradılması üçün bütün zəruri tədbirlər bundan sonra da həyata keçiriləcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.