Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

03.03.2021 15:36
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Nizami və Şərq ədəbiyyatı” mövzusunda seminar keçirilib

Şərqşünaslıq İnstitutunda “Nizami və Şərq ədəbiyyatı” mövzusunda seminar keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə təşkil edilən tədbirlər çərçivəsində “Nizami və Şərq ədəbiyyatı” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, 2021-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan edilib və bununla əlaqədar AMEA-da tədbirlər planlaşdırılaraq həyata keçirilir. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda da Nizami Gəncəvinin yaradıcılığına dair tədqiqatların aparılacağını, kitabların nəşr ediləcəyini, konfrans, elmi sessiya və seminarların keçiriləcəyini qeyd edib. Alim institutda “Nizami Gəncəvi ili” problemi çərçivəsində “Nizami Gəncəvi yaradıcılığı və Şərq ədəbiyyatları qarşılıqlı təsir və əlaqə kontekstində” mövzusu üzrə bir sıra tədqiqatların  aparılacağını vurğulayıb. Bu sırada şərqşünas alimlərin “İranda Nizamişünaslığın tarixşünaslığı”, “İranda İslam inqilabından sonra Nizami şəxsiyyəti və ədəbi-bədii irsinə münasibət”, “Nizami yaradıcılığı ümumbəşəri dəyərlər kontekstində”, “Müasir ərəb ədəbiyyatşünaslığında Nizami Gəncəvi” və s. mövzularda araşdırmalar aparmaları, məqalələr hazırlamaları planlaşdırılır. Cari ildə Şərqşünaslıq İnstitutunda akademik Gövhər Baxşəliyevanın “Bir daha Nizami Gəncəvinin etnik mənsubiyyəti haqqında”, professor Mehdi Kazımovun “Nizami “Xəmsə”si və farsdilli ədəbiyyat (XVI-XVIII əsrlər)”, Pərvin Əsədullayevanın “Nizami “Xəmsə”sində zaman konseptinin linqvistik ifadə vasitələri” əsərləri, eləcə də f.ü.f.d. Aygün Əlizadə tərəfindən edilən Nizami məktəbinin ardıcılı Hatifinin “Həft mənzər” əsərinin fars dilindən tərcüməsi nəşr ediləcək. İran alimlərinin Nizami Gəncəvi haqqında məqalələrindən ibarət toplunun hazırlanması və nəşri də planlaşdırılır. Bu il institutda “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq konfrans, həmçinin “Azərbaycan şərqşünaslarının nizamişünaslığa töhfəsi" mövzusunda elmi sessiya, eləcə də mütəmadi seminarlar baş tutacaq.

Sonra tədbirdə institutun şöbə müdiri, professor Mehdi Kazımov “Nizami və Şərq ədəbiyyatı” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, Nizaminin ən möhtəşəm  əsərləri olan,  dünya ədəbiyyatı tarixinə “Xəmsə” adı ilə daxil olmuş əsərləri sadəcə Şərqdə epik yaradıcılığın inkişafına güclü təkan verməklə qalmayıb, eyni zamanda Nizami ədəbi məktəbi kimi bir fenomenin ortaya çıxması ilə nəticələnib. Bu məktəbin əsasını Nizami “Xəmsə”sinə eyni ad altında nəzirələr təşkil edir. Bu ənənə bütün orta əsrlər boyu və hətta daha sonrakı dönəmlərdə də davam edib. M.Kazımov qeyd edib ki, Nizaminin şeirlərindən ilham alan yüzlərlə şair ona nəzirə yazaraq öz poetik imkanlarını və qələmlərinin gücünü sınamağa, Nizami ilə yarışmağa çalışıb. Həmin nəzirələrdən ətraflı danışan məruzəçi onların müəlliflərinin Şərq ədəbiyyatında özünəməxsus bir bədii təbəqə kimi mövqeyi olan nəzirə ədəbiyyatı formalaşdırdıqlarını deyib.

Daha sonra məruzə ətrafında müzakirə aparılıb, iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: