Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

15.03.2021 17:59
  • A-
  • A
  • A+

Nizami Gəncəvinin həyat yolu və sənət ideallarına həsr olunan konfrans keçirilib

Nizami Gəncəvinin həyat yolu və sənət ideallarına həsr olunan konfrans keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat yolu və sənət idealları” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfrans Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq 2021-ci ilin “Nizami ili” elan edilməsini Nizami Gəncəvinin zəngin bədii irsini müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməyə imkan verən bir töhfə adlandırıb. Ulu öndər Heydər Əliyevin bu istiqamətdə gördüyü tədbirlərin tarixinə nəzər salaraq dahi liderin 1979 və 1981-ci illərdə verdiyi fərmanların tarixi əhəmiyyətindən danışıb. Həmin dövrdə “Nizami” filminin çəkilişini, Nizami rayonunun yaradılmasını, “Nizami” metrosunun istifadəyə verilməsini böyük ədibə verilən yüksək dəyər kimi qiymətləndirib. Həmin fərmanın şairin əsərlərinin yeni tərcümələrinin və tədqiqatlarının meydana çıxmasına zəmin yaratdığını bildirib.

Akademik “Nizami ili” çərçivəsində Ədəbiyyat İnstitutunda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən də bəhs edib: “Şairin həyatı və yaradıcılığı haqqında pasport kitab yazılmalıdır. Bu, Bertels və Həmid Araslıdan sonra yeni kitab olacaq. Onun elmi-tənqidi mətnini hazırlayıb akademik nəşrini həyata keçirmək Əlyazmalar İnstitutuna həvalə olunub. Həmçinin “Nizami Gəncəvi ensiklopediyası” hazırlanıb çap ediləcək. Bu, Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi tərəfindən birinci cildi nəşr edilən “Nizami Gəncəvi almanaxı”nın davamı olacaq. Nizami Azərbaycan ictimai-ədəbi fikrinin günəşidir. Dövrünün ədəbi ənənəsi ilə farsca yazmağı ona qarşı müxtəlif iddialara səbəb ola bilməz. Dəhləvi də farsca yazıb, amma fars şairi deyil. Biz Nizamini dünyada Azərbaycan şairi kimi tanıtmalıyıq. Türkiyədə bütün dərsliklərdə Nizamiyə aid oçerklərin olmasını yüksək qiymətləndirirəm. “Qardaş qələmlər” dərgisinin may nömrəsi Nizami Gəncəviyə həsr ediləcək, Tatarıstanda (Rusiya Federasiyası) isə ardıcıl olaraq bu mövzuda məqalələr işıq üzü görəcək”.

Sonra Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslının “Nizami poemalarında təbiət təsvirlərinin ictimai-poetik tutumu”, akademiyanın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusiflinin “Nizami Gəncəvi poeziyasının bəzi qaynaqları haqqında”, Türkiyənin Giresun Universitetinin Ədəbiyyat fakültəsinin əməkdaşı Hamza Koçun “Nizami Gəncəvi məsnəvilərinin türk dilinə mənsur tərcümələri və məqbul əlyazma nüsxələri” mövzusunda məruzələri dinlənilib.

Bundan əlavə, Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov “Nizami Gəncəvi almanaxını”nın bərpası: üçüncü mərhələ”, Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Bədii ədəbiyyatda Nizami Gəncəvi obrazının formalaşmasında təzkirələrin rolu”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Nizami Gəncəvi ili: gələcək üçün çağırış” və Türkiyənin Kastamonu Universitetinin professoru Vüsalə Musalı “Nizami Gəncəvinin məsnəvilərinin Avropadakı bəzi nüsxələri haqqında” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: