Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

17.03.2021 20:46
  • A-
  • A
  • A+

“Türk ədəbiyyatı” dərgisinin bir sayı Nizami Gəncəviyə həsr olunacaq

“Türk ədəbiyyatı” dərgisinin bir sayı Nizami Gəncəviyə həsr olunacaq

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasda şuranın üzvləri, institutun şöbə müdirləri ilə yanaşı, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Türkiyədən Sərhat Kabaklı, İmdat Avşar və Bəxtiyar Aslan iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, müəssisənin direktoru, akademik İsa Həbibbəyli açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

50 illik tarixə malik Türk Ədəbiyyatı Vəqfinin fəaliyyətinə toxunan və “Türk ədəbiyyatı” dərgisinin Azərbaycanla bağlı nəşrlərinə nəzər salan akademik İsa Həbibbəyli sovet dövründə Əhməd Kabaklının, müstəqillik dövründə isə Sərhat Kabaklının rəhbərliyi ilə jurnalın ölkəmizlə əlaqələrinin daha da genişləndiyini bildirib. O, nəşrin Azərbaycan Yazıçılar Birliyi, “525-ci qəzet” və Ədəbiyyat İnstitutu ilə tarixi əməkdaşlığının uğurlu nəticələrindən söz açıb.

“Biz Sərhat Kabaklının şeirləri, İmdat Avşarın bədii əsərləri və tərcümələri, Bəxtiyar Aslanın isə hekayələri ilə yaxından tanışıq”, - deyə akademik söyləyib.

Sonra Azərbaycan ədəbiyyatının təbliğindəki xidmətlərinə görə Sərhat Kabaklı və İmdat Avşar “Ədəbiyyat İnstitutunun Fəxri dostu” adına layiq görülüb. Bəxtiyar Aslan isə ədəbiyyat sahəsindəki xidmətlərinə görə Ədəbiyyat İnstitutunun “İlin alimi” (2020-ci il üzrə) seçilib.

AYB-nin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid təltif olunan şəxslərin bu mükafatlara layiq olduğunu, 2 il əvvəl Bakıda Türk Ədəbiyyatı Vəqfinə həsr edilmiş böyük tədbirin keçirildiyini xatırladıb.

Tədbirdə professorlar Şirindil Alışanlı, İmamverdi Həmidov, fəxri qonaqlardan Şəhanə Müşfiq və digərləri isə sözügedən mükafatların iki ölkə arasında ədəbi münasibətlərin inkişafına böyük töhfə verəcəyini vurğulayıblar.

İclasda çıxış edən Sərhat Kabaklı, İmdat Avşar və Bəxtiyar Aslan mükafatlara görə Ədəbiyyat İnstitutunun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qonaqlar ölkəmizin Vətən müharibəsindəki qələbəsi münasibətilə təbriklərini çatdırıb, həmçinin “Türk ədəbiyyatı” dərgisinin bir sayının Nizami Gəncəviyə həsr ediləcəyini söyləyiblər.

Sonra Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslıya 80, filologiya üzrə fəlsəfə doktoru, dosent Solmaz Həyatova isə 70 illik yubileyləri münasibətilə Fəxri fərmanlar təqdim olunub.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: