Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

19.03.2021 21:20
  • A-
  • A
  • A+

Akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” kitabının təqdimatı olub

Akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” kitabının təqdimatı olub

Martın 19-da Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rus dilində işıq üzü görən “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” adlı kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzaladığını xatırladıb. Qeyd edib ki, geniş aspektlərə malik olan sərəncam tarixi əhəmiyyətə malikdir və elm, təhsil, mədəniyyət müəssisələri qarşısında bir sıra vəzifələr qoyub.

Nizaminin həyatı və yaradıcılığının ölkəmizdə geniş tədqiq və tədris olunduğunu deyən akademik ədibin müstəqillik dövründə vətənpərvərlik, milli-mənəvi dəyərlər və azərbaycançılıq idealları baxımından yeni nəsillərə tanıtdırılmasının vacibliyini bildirib. Bundan əlavə, sözügedən sərəncamın alimlərimiz qarşısında Nizami Gəncəvini dünyada Azərbaycan şairi kimi tanıtdırmaq və təbliğ etmək vəzifəsi qoyduğunu da söyləyib.

Akademik İsa Həbibbəyli təqdimatı keçirilən əsərin geniş elmi araşdırmalar nəticəsində ərsəyə gəldiyini və ümumiləşdirilərək oxuculara təqdim olunduğunu bildirib. Qeyd edib ki, bu əsər Nizaminin dünyada Azərbaycan şairi kimi tanıdılması istiqamətində qiymətli əsərlərdən biridir və nizamişünaslara tədqiqatlarını daha da dərinləşdirməyə geniş imkanlar açır. Diqqətə çatdırıb ki, əsərdə Şərqin və Qərbin bir çox nüfuzlu mütəfəkkirlərinin, tədqiqatçılarının əsərlərinə istinadlar əsasında tutarlı və obyektiv faktlarla Nizami Gəncəvinin milliyətinə dair qəti mövqe meydana qoyulur. Bildirilib ki, təqdim olunan kitab Nizami Gəncəvinin həyatı və yaradıcılığına azərbaycançılıq baxımından qiymət verilən əhəmiyyətli elmi mənbədir.

Tədbirdə çıxış edən AMEA Prezidentinin katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov diqqətə çatdırıb ki, hazırlanmasına 2013-cü ildən etibarən başlanılan bu kitabda akademik Ramiz Mehdiyev dünya nizamişünaslıq irsini obyektiv elmi meyarlar əsasında təhlil etməklə, böyük mütəfəkkir sənətkarın tərcümeyi-halına və əsərlərinə dair reallıqları diqqət mərkəzinə çəkmişdir.

Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı “Nizamişünaslığın yeni mərhələsi” adlı məruzə ilə çıxış edərək kitabilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, əsər şairin tarixən ədəbi mühitdə dərk olunması və irsinin qiymətləndirilməsi, habelə taleyində və əsərlərində milli kimlik və azərbaycançılıq məsələlərinə həsr edilmiş qiymətli elmi mənbədir.

Sonra AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev, Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova, institutun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Abdullayeva və aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova çıxış edərək təqdim edilən kitabın elmi və ideoloji əhəmiyyətindən söz açıblar.

Sonda kitab ətrafında müzakirələr davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: