Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

21.03.2021 18:18
  • A-
  • A
  • A+

“Çağdaş əfsanə, konspirativ nəzəriyyə və COVID-19: izolyasiya ili” mövzusunda vebinar keçirilib

“Çağdaş əfsanə, konspirativ nəzəriyyə və COVID-19: izolyasiya ili” mövzusunda vebinar keçirilib

Kule Ukrayna və Kanada Folklor Mərkəzinin təşkilatçılığı ilə “Çağdaş əfsanə, konspirativ nəzəriyyə və COVID-19: izolyasiya ili” mövzusuna həsr olunan beynəlxalq vebinar keçirilib.

Vebinarın baş məruzəçisi Cape Breton Universitetinin folklorşünaslıq üzrə alimi, doktor İan Brodie olub. Vebinarda Azərbaycanı AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev təmsil edib.

Dr. İan Brodie əvvəlcə vebinar iştirakçılarına pandemiyanın yaratdığı vəziyyət və insanların izolyasiyada yaşamasından bəhs edib. İnsanların qeyri-müəyyənlik və dəyişikliklər şəraitində, rəsmi və yaxud etibarlı informasiyaların çatışmazlığı vəziyyətində meydana çıxan sualları cavablandırmaqda, şərhlər verməkdə fövqəladə dərəcədə istedadlı olduğunu qeyd edən İan Brodie COVID-19 pandemiyasının ətrafında yaranan çağdaş əfsanələri geniş təhlil edib. Alim bu əfsanələrin dünyanın hazırki vəziyyətinə uyğun gəlməsi və yaxud bizim üçün (onu yaradan insanlar – nəzərdə tutulur) həqiqətə bənzəməsinin əsasında onların inanc sərhəddində yaranmasını qeyd edib. O deyib ki, COVID-19-un gündəlik həyatımızda yaratdığı narahatlıq bir tərəfdən bu barədə yeni çağdaş əfsanələrin, digər tərəfdən isə geniş konspirativ nəzəriyyələr şəbəkəsinin meydana çıxmasına səbəb olub. Konspirativ nəzəriyyələrin səbəblər barədə bir-biri ilə əlaqəli, lakin uyğunsuz fərdi hekayətlər “hörməklə” metatəhkiyə yaratdığını vurğulayan dr. İan Brodie sonda virtual mühitdə meydana gələn karikatura nümunələrinə də diqqəti yönəldib.

Dr. İan Brodienin geniş məruzəsindən sonra vebinar iştirakçılarının sualları cavablandırılıb.

Vebinarda Azərbaycanı təmsil edən dosent Hikmət Quliyevlə İan Brodie arasında COVID-19 pandemiyası barədə yaranan konspirativ nəzəriyyələr, müxtəlif məzmunlu inanc mətnləri ilə stereotiplər arasında əlaqələr barədə maraqlı fikir mübadiləsi olub. Dr. İan Brodie qaldırılan problemin konspirativ nəzəriyyələrlə birbaşa bağlı olduğunu qeyd etməklə məsələ barədə geniş izah verib.

Folklorşünas alim Hikmət Quliyev vebinar barədə məlumat verdikdən sonra qeyd edib ki, bir ildən artıq müddətdə dünyanı ağuşuna alan COVID-19 pandemiyası sosial həyatda, eləcə də sosial-mədəni yaradıcılıqda geniş effektlər ortaya çıxarıb. Koronavirus mövzusunun İnternet folklorunda yeni məzmun dalğası yaratdığını qeyd edən alim bu barədə real və virtual mühitdə ortaya çıxan folklor faktları üzərində tədqiat apardığını və yaxın vaxtlarda nəşr etdirəcəyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: