Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

30.03.2021 12:42
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda onlayn ticarətə həsr olunan tədbir keçirilib

İqtisadiyyat İnstitutunda onlayn ticarətə həsr olunan tədbir keçirilib

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan müəssisənin direktoru, i.e.d., professor Nazim İmanov tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.

Seminarda institutun Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Samirə Abasova "Azərbaycanda innovasiyalı İKT sahəsi üzrə onlayn ticarətə təsir edən amillərin təhlili" adlı məruzə ilə çıxış edib.

Tədqiqatçı bildirib ki, 2010-2018-ci illərdə İKT sektoruna investisiya yatırımlarının 10% azalmasına baxmayaraq Azərbaycanda İKT-nin məhsul buraxılışı 1,5 dəfə, idxal isə 4,9 dəfə artıb. Habelə həmin dövrdə Azərbaycan müəssisələrində internetə qoşulmaların və veb səhifəsi olan müəssisələrin xüsusi çəkisi 2,5 dəfə böyüyüb. İnternet vasitəsi ilə məhsul və xidmət sifarişlərinin xüsusi çəkisi 2 dəfə, məhsul və xidmətlər sifarişinin qəbulu isə 3 dəfə çoxalıb. Bunlar onlayn ticarət əməliyyatlarının həcminin böyüdüyünü göstərir.

Məruzəçi qeyd edib ki, telekommunikasiya avadanlıqlarının kəmiyyət artımı Azərbaycanda elektron ticarətin daha səmərəli təşkili üçün texnoloji infrastrukturun inkişafına şərait yardır. İKT sektorunda çalışan işçilərin sayı da 2010-cu illə müqayisədə 3,8 faiz artaraq 19 min nəfər təşkil edib. Beləliklə, ölkədə İKT məhsullarının idxalının artması elektron ticarətin inkişafını daha da sürətləndirməklə həm İKT sektorunda yaradılmış əlavə dəyərin həcmini, həm də bu sektorda məşğulluq səviyyəsini artırır.

E-ticarətin daimi inkişafı üçün ən əhəmiyyətli faktorlardan biri ölkədə internet istifadəçilərinin sayıdır. 2018-ci ildə Azərbaycanda hər 100 nəfərdən 80-i internet istifadəçisi olub və bu göstərici 2010-cu ilə nisbətən 74% artıb. Azərbaycanda son illərdə internetdən istifadədə artım, e-ticarətin inkişafında əhəmiyyətli bir infrastruktur formalaşmaqdadır. İnformasiya texnologiyaları son zamanlar nəinki iqtisadi, hətta sosial məkana öz təsirini göstərir. Bu isə bir daha onu göstərir ki, pandemiya zamanı informasiya texnologiyalarına müraciət artıb, beləliklə də internet bir çox digər iqtisadi fəaliyyət sahələrinə – bank, səhiyyə, təhsil və s. dəstək olub. İKT sahəsində biznesə başlama şərtləri, bazarın inkişafı, mikromaliyyələşdirmə şərtləri, həmçinin İKT və yaradıcı təşkilati modellərin mövcudluğu üzrə sənədləşdirmə Azərbaycanda KOS sahəsində sahibkarlar üçün geniş imkanlar yaradır və yeni biznes subyektlərinin inkişafına təkan verir.

Sonra məruzəçi sualları cavablandırıb, Azərbaycanda onlayn ticarətin müasir vəziyyəti və ona təsir göstərən başlıca amillər, pandemiyanın bu sahəyə təsiri, elektron ticarətin müsbət və mənfi tərəfləri, onlayn alış-verişin üstünlükləri, bu sahədə vergi və gömrük tənzimləmələri, əsas yeniliklər, innovasiyaların tədbiqi və mənimsənilməsi problemləri, onlayn ticarətin imkanları və əhalinin bu prosesdə iştirakı məsələləri ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: