AMEA-nın Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Karantin rejiminin tələblərinə uyğun şəkildə baş tutan tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev bildirib ki, aprel ayı ərzində müəssisə rəhbərliyi tərəfindən laboratoriyaların əməkdaşları ilə görüşlər keçiriləcək, hər bir elmi işçinin illik fəaliyyət planına uyğun gördükləri fərdi işlər təhlil olunacaq və müvafiq qərarlar veriləcək. Onun sözlərinə görə, məqsəd prioritet istiqamətlərə uyğun olaraq laboratoriyaların fəallığının artırılması, elmi işçilərin elmi işlərə təşviq edilməsidir.
Gündəlikdə duran digər məsələlərə toxunan Ə.Sucayev diqqətə çatdırıb ki, bu il müəssisənin fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturasına “Üzvi kimya” və “Neft kimya” ixtisasları üzrə sənəd verən namizədlərdən ikisi “Xarici dil”, “Fəlsəfə” və “İxtisas” fənlərindən imtahanları uğurla verərək qəbul olunublar.
Şura üzvlərinin səsverməsi ilə hər iki doktorantın dissertasiya mövzusu və elmi rəhbərləri təsdiqlənib.
Sonra Elmi şuranın tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul edilib.
Sonda institutun elmi katibi, k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri, professorlar Həqiqət Cavadova, Pərvin Məmmədova, dosentlər Elxan İsakov, Elmira Nağıyeva və digərləri müzakirə olunan məsələlər haqqında öz fikirlərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.