Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

MEK-də akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü qeyd edilib
26.04.2021 15:42
  • A-
  • A
  • A+

MEK-də akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü qeyd edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə “Gözlərə işıq verən zərif insan ömrü” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru, professor Məmməd Əliyev oftalmologiya sahəsində görkəmli alim, ictimai xadim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın Azərbaycan üçün gördüyü misilsiz xidmətlərdən danışıb. Görkəmli alimin zəngin elmi irsinin bu gün də aktual olduğunu vurğulayan director Zərifə Əliyevanın elmi-pedaqoji-ictimai fəaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə, Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıb. Professor M.Əliyev bildirib ki, MEK-in fondlarında qorunan, Zərifə Əliyevanın zəngin elmi irsini özündə əks etdirən dəyərli kitablar bu sahənin mütəxəssislərinin, gələcəyin alimlərinin yararlandığı misilsiz töhfədir. “Zərifə xanım Heydər Əliyev kimi dahi liderin sədaqətli həyat yoldaşı, mənəvi dayağı və əsl dostu idi. O, Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaq”, - deyə professor Məmməd Əliyev bildirib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini inkişaf etdirən akademik Zərifə Əliyevanın əvəzsiz xidmətlərini xüsusi qeyd edib. O, alimin traxoma xəstəliyinə qarşı mübarizə aparmasından, oftalmologiyanın aktual istiqamətlərindəki tədqiqatlarından da bəhs edib. Qeyd olunub ki, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə akademik Zərifə Əliyeva ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafata layiq görülən ilk qadın olub.

Millət vəkili Aydın Mirzəzadə akademik Zərifə xanım Əliyevanın XX əsr Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb. A.Mirzəzadə akademik Zərifə Əliyevanın Azərbaycanın tibb elminin inkişafında, ictimai həyatında mühüm rol oynadığını bildirib.

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov akademik Zərifə Əliyevanı gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, fitri istedada malik novator alim kimi xarakterizə edib.

Akademiyanın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə isə AMEA-nın akademik Zərifə Əliyevanın xatirəsini hər zaman uca tutduğunu qeyd edib.

Tədbirdə MEK tərəfindən hazırlanan akademik Zərifə Əliyevaya həsr olunan “Gözlərə işıq verən zərif insan ömrü” adlı video nümayiş olunub.

Azərbaycan Respublikasının Əməkdar artistləri Nərgiz Əliyeva və İlham Nəzərovun ifasında sözləri Fikrət Qocaya, musiqisi Sevil Əliyevaya aid olan “Ana” mahnısı səsləndirilib.

Sonda MEK-in fondlarında görkəmli oftalmoloq Zərifə xanım Əliyevaya həsr olunmuş, həmçinin akademikin yazdığı elmi əsərlərdən ibarət sərgiyə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: