Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

Avqust Bentonun “Səfərnamə” əsəri işıq üzü görüb
03.05.2021 12:55
  • A-
  • A
  • A+

Avqust Bentonun “Səfərnamə” əsəri işıq üzü görüb

AMEA-nın Şərqşünaslıq İnstitutunda Avqust Bentonun "Səfərnamə" əsərinin Azərbaycan dilinə tərcüməsi çapdan çıxıb.

Kitabı fars dilindən Azərbaycan dilinə Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Əhmədov tərcümə edib.

Fransız zabiti Avqust Bentonun “Səfərnamə” əsəri onun 1807-ci ildə Türkiyə yolu ilə İrana gəlişi və burada fəaliyyət göstərdiyi müddətdə qələmə aldığı təəssüratlarıdır. 1807-ci ilin mart ayında Avqust Benton Türkiyə və İrana ezam olunub. O, İstanbulda qısa müddətdə Fransa səfiri general Sebastiyaninin komandanlığı altında işləyib, minbaşı rütbəsi alıb və Fransanın nümayəndəsi kimi İrana göndərilib. A.Benton İranda bu dövlətlə ikitərəfli əlaqələr qurmalı və Abbas Mirzənin ordusunun yenidən təşkilinə kömək etməli idi.

Abbas Mirzə və Fətəli şah Avqust Bentonu böyük ehtiramla qarşılayıb, onu “Şir-ü-xurşid” medalı ilə təltif ediblər.

Əsər tarixə işıq tutulması baxımından çox böyük maraq doğurur və ən etibarlı mənbələrdən hesab olunur. Çünki o, hal, hadisə və prosesləri özündən sonrakı nəsillərə daha dolğun şəkildə çatdırır..

A.Bentonun “Səfərnamə” əsəri üslub baxımından məktublar şəklində yazılıb. Əsərin birinci hissəsi Adriatik (Aralıq) dənizi sahilindəki Esplatodan İstanbula səfəri əhatə edir. İkinci fəsil isə müəllifin Abbas Mirzənin ordugah və sarayındakı həyatını, eləcə də Fətəli şahla görüşünü ehtiva edir.

Avqust Benton öz səfərinin son hissəsini, yəni general Qardanla görüşündən sonranı şərh etmir. Buna görə də oxucu onun nə zaman və nə səbəbdən İranı tərk etdiyini bilmir. Ancaq onun adı general Qardenin komandanlığı altında İranda fəaliyyət göstərmiş zabitlərin sırasında yer alıb. Bu barədə “General Qardenin İranda ezamiyyəti” əsərində məlumat verilib.

Tərcümənin diqqətəlayiq tərəflərindən biri də odur ki, Ş.Əhmədov özünün əvvəlki 4 səfərnamə tərcümələrində olduğu kimi, girişdə bəzi məsələlərə aydınlıq gətirir, müəllifin bilərəkdən, yaxud bilməyərəkdən qaynaqlanan təhriflərini şərh edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: