Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CULTURE

AMEA muzeyləri milli özünəməxsusluğumuzu dünyaya təcəssüm etdirir
18.05.2021 15:00
  • A-
  • A
  • A+

AMEA muzeyləri milli özünəməxsusluğumuzu dünyaya təcəssüm etdirir

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” mövzusuna həsr olunub.

Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.

Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ulu öndər respublikada muzeylər şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.

Ümummilli lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, eləcə də ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.

Canlı muzey adlandırılan və 2020-ci ilin payızında Vətən müharibəsi nəticəsində işğaldan azad edilən Şuşada vaxtilə bir çox muzeylər fəaliyyət göstərib. Rəsmi məlumatlara əsasən, işğaldan əvvəl burada 22 muzey, 927 kitabxana, 4 rəsm qalereyası və bir çox digər mədəniyyət müəssisələri mövcud olub. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri ermənilər tərəfindən tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi yerlə-yeksan olunub.

Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib. Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər. Bu muzeylərdən 5-i – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi,  Təbiət Tarixi Muzeyi və Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya Muzeyi AMEA-nın nəzdində fəaliyyət göstərir.

AMEA-nın muzeylərində hər il olduğu kimi, bu il də 18 may – Beynəlxalq Muzeylər Günü qeyd olunub. Pandemiya ilə əlaqədar olaraq muzeylərə eksursiyalar onlayn şəkildə təşkil olunub.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiya və sərgilərdə nümayiş etdirilməsi ilə bağlı çoxşaxəli fəaliyyəti ilə seçilir. Muzey milli ədəbiyyat tariximizin mükəmməl tədqiqi əsasında ən qədim dövrlərdən XXI əsrədək olan Azərbaycan ədəbi-mədəni fikrinin elmi ekspoziyasının yaradılması istiqamətində mühüm işlər görür. 

Milli Azərbaycan Tarixi Muzeyi Azə­baycanın qədim dövrdən bu günədək tarixinə, maddi və mənəvi mədəniyyətinə aid materialların toplan­ması, mühafizəsi, elmi təd­qiqi, təbliği və nümayişi işlərini həyata keçirir. Muzey, həmçinin böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən yeni stasionar ekspozisiyanın qurulması və daim təkmilləşdirilməsi, eləcə də muzey fondlarının yeni eksponatlarla zənginləşməsi, fond materiallarının bərpası, pasportlaşdırılması və digər istiqamətlərdə fəaliyyət göstərir.

1995-ci ildə yaradılan Hüseyn Cavidin Ev Muzeyi isə şairin 1920-ci ildən 4 iyul 1937-ci ilə qədər yaşadığı, əsərlərinin əksəriyyətini yaratdığı mənzildə yerləşir. Muzey Hüseyn Cavid və Cavidlər irsinə aid materialların toplanması, qorunması, tədqiqi və təbliği ilə məşğul olur.

Təbiət Tarixi Muzeyi Azərbaycanda qazıntı halında tapılan onurğalıların öyrənilməsi, arxegeologiya və arxezoologiya elmi istiqamətlərinin inkişaf etdirilməsi, Xəzər suitisinin ekologiyası və morfologiyasının öyrənilməsi və digər istiqamətlərdə fəaliyyət göstərir.

Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya Muzeyi isə Nахçıvаn bölgəsinin ən qədim zamanlardan müasir dövrədək аrxeoloji, tarixi, etnoqrafik, memarlıq və mədəniyyət abidələrini qоrumаq, öyrənmək, təbliğ etmək, eləcə də gələcək nəsillərə çаtdırmаğı hədəfləyib.

Nərgiz QƏHRƏMANOVA

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: