Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

18.05.2021 17:16
  • A-
  • A
  • A+

MEK-də “Türk ədəbiyyatı həftəsi” fəaliyyətə başlayıb

MEK-də “Türk ədəbiyyatı həftəsi” fəaliyyətə başlayıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün anadan olmasının 140 illik yubileyinə həsr edilmiş “Türk ədəbiyyatı həftəsi” keçirilir.

“Türk ədəbiyyatı həftəsi”nin açılışında Türkiyə və Qazaxıstanın ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin nümayəndələri, türk dünyasının iş qurumları, elm adamları və media əməkdaşları iştirak ediblər.

Əvvəlcə Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev türk millətinin istiqlalının simvolu, Türkiyə Cümhuriyyətinin böyük dövlət xadimi və mütəfəkkiri Mustafa Kamal Atatürkün yubileyinə həsr olunmuş “Türk ədəbiyyatı həftəsi”nin önəmindən danışıb. Qeyd edib ki, Atatürk təkcə Türkiyənin deyil, bütün türk dünyasının qayğısını çəkib. Onun XX əsrin əvvəllərində başladığı işi davam etdirən ümummilli lider Heydər Əliyev Türkiyəyə və ümumilikdə türk dünyasına ehtiramın əlaməti olaraq, 9 mart 2001-ci il tarixli Sərəncamla qardaş Türkiyə ilə tarixi, milli-mənəvi, mədəni bağlılığımızın inkişafı üçün mühüm əhəmiyyət daşıyan Atatürk irsinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə Azərbaycanda Atatürk Mərkəzini yaradıb.

Alim qeyd edib ki, Atatürkün  xarici  siyasətində türk dünyası məxsusi yer tutub və qardaş Türkiyə hər zaman Azərbaycana arxa durub. “Heç şübhəsiz, Atatürkün Azərbaycanla bağlı “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri, dəyərli fikirləri və vaxtı ilə görmüş olduğu işlər unudulmur. Bu gün də Azərbaycan-Türkiyə əlaqələri həmin möhkəm təmələ əsaslanır. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan ordusunun Zəfər tarixini yazdığı 44 günlük müharibənin ilk anından qardaş ölkənin dəstəyi dərin köklərə, tarixə malik dostluğun aydın ifadəsidir”, - deyə professor Məmməd Əliyev vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında Azərbaycanda türk ədəbiyyatına və tarixinə böyük maraq olduğunu, AMEA-da Atatürkün həyat və fəaliyyətini, ümumilikdə Türkiyə Cümhuriyyətini tədqiq edən onlarla elmi işin yazıldığını söyləyib.

Türkiyənin Bakıdakı səfirliyinin Təhsil üzrə müşaviri, Dr. Nihat Böyükbaş Mustafa Kamal Atatürkün bütün türk dünyasının ortaq dəyəri olduğunu vurğulayıb, Atatürkə və türk dünyasına aid məlumatların təbliğində fəallıq nümayiş etdirən Mərkəzi Elmi Kitabxananın təşəbbüsünü yüksək qiymətləndirib.

Tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digərləri çıxış edərək Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kitabxana sahəsinə göstərdiyi etimad və qayğıdan, türk xalqlarının qədim tarixi köklərindən, ölkələrarası səmimi dostluq və qardaşlıq münasibətlərindən, bu sarsılmaz birlikdə Türkiyə kitabxanaları ilə əlaqələrin inkişafından söhbət açıblar. MEK-in fondlarında saxlanılan belə unikal mənbələrin dəyərindən, ortaq türk tarixinin yazılmasında və canlanmasında bu mənbələrin təbliğinin və əlçatan olmasının vacibliyini qeyd ediblər.

Tədbirdə MEK tərəfindən hazırlanan Atatürkün ictimai-siyasi fəaliyyətini, mənalı ömür yolunu özündə əks etdirən kitablardan ibarət videoslayd da nümayiş olunub.

Daha sonra MEK-in fondlarında qorunan Mustafa Kamal Atatürkün həyatı, fəaliyyətinin müxtəlif aspektlərini əhatə edən 100-dən artıq dəyərli və maraqlı nəşrlərə baxış keçirilib.

Qeyd edək ki, “Türk ədəbiyyatı həftəsi” mayın 23-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: