www.science.az
05.09.2014 00:00

Akademik Məmmədpaşa Piri oğlu Quluzadə - 100

2014-cü il sentyabrın 5-də SSRİ-nin fəxri neftçisi, Azərbaycan Respublikasının Əməkdar elm və texnika xadimi, əməkdar mühəndis, Azərbaycan Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor Məmmədpaşa Piri oğlu Quluzadənin 100 yaşı tamam olur.

O, 1927-ci ildə Nəriman Nərimanov adına Sənaye Texnikumuna daxil olmuşdur. Burada təhsilini başa vurduqdan sonra, 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsinə daxil olmuş, 1938-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmiş və qazma üzrə dağ mühəndisi ixtisasına yiyələnmişdir.

M.P.Quluzadə 1938-1941-ci illərdə “Əzizbəyovneft” neftqazçıxarma idarəsində qazma üzrə texnik, qazma ustası, mühəndis, boyük mühəndis vəzifələrində çalışmışdır.

O, 1941-1946-cı illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur.

1946-cı ildən başlayaraq, onun əmək fəaliyyəti Azərbaycan Sənaye İnstitutu ilə bağlı olmuşdur. O, 1946-cı ildə İnstitutun əyani aspirantı olmuş, 1949-cu ildə namizədlik, 1959-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir

1951-1964-cü illərdə institutda ardıcıl olaraq, assistent, dosent, professor, “Neft və qaz quyularının qazılması” kafedrasının müdiri, institutun elmi işlər üzrə prorektoru vəzifələrində çalışmış, səmərəli elmi və pedaqoji fəaliyyətini davam etdirmişdir.

1958-1964-cü illərdə Ümumittifaq “Neft və Qaz” jurnalının məsul redaktoru olmuşdur.

Akademik M.P.Quluzadənin elmi-tədqiqat işləri neft elminin və texnikasının inkişafına, xüsusən də neft və qaz quyularının qazılma texnologiyasının nəzəriyyə və təcrübəsinə həsr edilmişdir. Dərin biliyi, zəngin istehsalat təcrübəsi ona qazmanın mürəkkəb nəzəri və texnoloji problemlərini müvəffəqiyyətlə həll etməyə imkan vermişdir.

Elmi fəaliyyətinin əvvəlindən başlayaraq çox vacib, lakin mühəndisi nöqteyi-nəzərindən mürəkkəb istiqamət olan maili quyuların qazılması ilə məşğul olmuşdur. O, neft və qaz quyularının qazılmasının çox vacib və lazımlı bir sahəsi olan maili quyuların qazılmasının elmi əsaslarının ardıcıllıq nəzəriyyəsinin yaradıcısıdır. Mürəkkəb şəraitdə maili və çox dərin (3000 m-dən artıq) quyuların qazıma texnologiyası, neft, qaz və qaz-kondensat yataqlarında optimal qazılma məsələləri, turbin və rotor qazmasının texnologiyası sahəsində tədqiqatlar aparmışdır.

Maili quyuların qazılmasının nəzəri və təcrübi əsaslarının banisi kimi Məmmədpaşa Quluzadə neft elmi sahəsində şöhrətli bir məktəb yaratmışdır. Onun əldə etdiyi fundamental nəticələr həm quruda, həm də dənizdə neft və qaz yataqlarının kəşfiyyatı və istismarında həlledici rol oynamışdır

Alimin rəhbərlyi ilə maili quyuların qazılmasında texnoloji proseslərin avtomatik idarə edilməsi, onun təkmilləşdirilməsi, dəniz neft-qaz yataqlarının küt üsulla qazılmasının optimal sxemi, qazılma prosesini optimallaşdırılması, mailli profillərinin layihələşdirilməsi və s.sahələr üzrə müvəffəqiyyətlə elmi-tədqiqat işləri yerinə yetirilmişdir.

Onun rəhbərliyi altında yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri Azərbaycanda, Qərbi Sibirdə, Qazaxıstanda, Krımda, Başqırdıstanda, Saxalində və başqa neft-qaz rayonlarında tətbiq edilmişdir.

Bu gün əsrin müqaviləsini həyata keçirildiyi dövrdə Xəzər dənizində maili quyuların qazılması işlərinin nəzəri və mühəndisi əsasını akademik M.Quluzadənin yerinə yetirdiyi elmi-tədqiqat işləri təşkil edir.

Bu üsulun geniş miqyasda tətbiqinə görə M.Quluzadə bir qrup alim və mütəxəssislə birlikdə 1972-ci ildə Azərbaycan Respublikasının dövlət mükafatına layiq görülmüşdür.

Akademik dəfələrlə neft sənayesinin inkişaf problemləri ilə bağlı məruzə və çıxışları ilə ABŞ, Almaniya, Hindistan, Meksika və digər ölkələrdə keçirilən konqres və simpoziumlarda Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir.

1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1972-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Elm və texnikanın inkişafı və yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlərinə görə M.Quluzadə “Lenin” və “Qırmızı Əmək Bayrağı”, II dərəcəli Vətən müharibəsi ordenləri, bir çox SSRİ medalları və Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanları ilə təltif olunmuşdur.

M.P.Quluzadə SSRİ Nazirlər Sovetinin Elm və Texnika Komitəsi yanında, dərin neft və qaz quyularının qazılması texnikası və texnologiyasının təkmilləşdirilməsi üzrə elmi-texniki komissiyanın, SSRİ Neftçıxarma Sənayesi Nazirliyinin elmi-texniki şurasının, SSRİ Ali təhsil Nazirliyinin neft təhsili üzrə elmi-texniki şurasının, Azərbaycan Elmlər Akademiyasının “Elm və torpaq” elmi şurasının doktorluq və namizədlik alimlik dərəcələri verən ixtisaslaşdırılmış Elmi Şuranın, Azərbaycan Ensiklopediyası baş redaksiyasının elmi şurasının, “Neft və qaz” jurnalının ilk redaktoru və redaksiya heyətinin üzvü olmuşdur.

Alim 400 elmi əsərin, o cümlədən 15 monoqrafiya, 15 ixtira və kəşflərin və Azərbaycan dilində yazılmış ilk fundamental dərsliklərin, dərs vəsaitlərinin müəllifidir.

O, bilavasitə rəhbərlik etdiyi 10 elmlər doktorunun elmi məsləhətçisi olmuş və 45 texnika elmləri namizədləri hazırlamışdır.

 

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.