Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

26.04.2024 11:23
  • A-
  • A
  • A+

Elmi inkişafın açarı olan nəşrlərdən ibarət hədiyyə və sərgi-təqdimat

Elmi inkişafın açarı olan nəşrlərdən ibarət hədiyyə və sərgi-təqdimat

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə (10-cu bənd) regional elmi mərkəzlərin əhatə etdikləri regionların təbii sərvətlərini, tarixini, arxeologiyasını, mədəniyyətini, o cümlədən ədəbiyyatını və folklorunu öyrənmək işini təşkil etməsi, ölkənin sosial-iqtisadi inkişafının müxtəlif problemlərinin araşdırılmasında Akademiyanın səlahiyyətləri çərçivəsində iştirak etməsi və elmi tədqiqat fəaliyyəti xüsusi qeyd edilir.

Respublikamızda elmi-texnoloji inkişafın açarı olan biliklərin təbliği, elmi ictimaiyyətlə qarşılıqlı əlaqələrin informasiya təminatı və bu sahədə strateji tərəfdaşlıq AMEA-nın və onun Regional Elmi Mərkəzlərinin qarşısına böyük vəzifələr qoyur. Təbii ki, hər bir innovativ inkişaf strategiyasının intellektual əsasını elmi bilikləri, resursları əks etdirən mənbələr – kitablar, dərgilər, toplular və s. təşkil edir. Buna görə də, elmi biliklərin öyrənilməsi, qorunub saxlanılması və populyarlaşdırılması müasir elm və təhsil  layihələrinin əsas tələbatıdır.

AMEA-nın Lənkəran Regional Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru  Mehman Əliyev elmi yaradıcılığı və ictimai-təşkilati fəaliyyətinin uğurları ilə fərqlənən alimdir. “Beynəlxalq sənət mükafatı”, “Birlikdə yaşamaq sənəti və Mövlanə”, “Məmməd Araz”, “Səməd Behrəngi” mükafatlarının laureatı, “Vətənpərvərlik mövzusunda ən yaxşı poema” və “Vətənpərvərlik mövzusunda ən yaxşı şeir” müsabiqələrinin qalibi olan alim “Fəxri mədəniyyət işçisi”, “İlin ədəbiyyat adamı” və “Prezident mükafatçısı” adlarına da layiq görülüb.

Mərkəzin fəaliyyəti genişləndikcə kitabxanasının fondu da elmi nəşrlərlə zənginləşməkdədir.

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin “Ümummilli Lider Heydər Əliyevin 100 illiyi” adına  kitabxanasında biliklərin təbliği, oxucu sorğularının operativ və əhatəli  təmin edilməsi məqsədilə elmi mənbələrin üstünlük təşkil edəcəyi kitab fondunun formalaşması üçün elmi qurumlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində layihələr həyata keçirməkdədir.

Lənkəran Regional Elmi Mərkəzinin yuxarıda qeyd etdiyimiz məqsədlə ilkin olaraq Nəsimi adına Dilçilik İnstitutuna müraciəti yeni bir layihənin həyata keçirilməsi ilə nəticələndi. Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədlinin göstərişi və institutun kitabxanasının direktoru Sevil Zülfüqarovanın təşkil və tərtib etdiyi elmi nəşrlərdən ibarət 200-dən artıq kitab kolleksiyası Lənkəran Regional Elmi Mərkəzinə hədiyyə olundu və institutun bir qrup əməkdaşının iştirakı ilə həmin nəşrlərin təqdimat-sərgisi keçirildi. Dilçilik İnstitutunun alimlərinin kitablarından ibarət kolleksiya sərgi iştirakçılarının xüsusi marağına səbəb oldu və Mərkəzin direktoru Mehman Əliyev bu əməkdaşlığın davamlı olması arzusunu bildirdi.

Qeyd edim ki, Lənkəran Regional Elmi Mərkəzinin hədiyyə edilmiş kitab kolleksiyası və maraqlı kitab sərgisinin təşkili üçün minnətdarlıq məktubunda deyilir:

“Kitab işığa doğru aparan yoldur. Kitab aydınlıqdır. Ümummilli Liderin 100 illiyi adına kitabxanamız hər gün zənginləşir. Ölkənin müxtəlif elm ocaqları, ictimai xadimləri elmi mərkəzimizin zənginləşməsinə diqqət göstərir, töhfələr verirlər. 

AMEA Lənkəran Regional Elmi Mərkəzinə göstərdiyi diqqətə görə Akademiya rəhbərliyinə, bu nəcib təşəbbüsə qoşulan hər bir təşkilata və şəxsə kollektivimiz adından minnətdarlıq edir, aşağıda adları çəkilən şəxslərə xüsusi təşəkkürümüzü bildiririk.

Sərgi-tədbirdə Dilçilik İnstitutu ilə yanaşı, AMEA-nın Şərqşünaslıq İnstitutu, Tarix və Etnologiya İnstitutu və Mərkəzi Elmi Kitabxanası Lənkəran Regional Elmi Mərkəzinə kitablar hədiyyə ediblər.

Sevil ZÜLFÜQAROVA, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Kitabxanasının müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: