Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, uzun illər AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri olmuş, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı Şirindil Həsən oğlu Alışanlının vəfatının birinci ildönümü münasibəti ilə “Dünyada “Şirindil” imzası qaldı...” adlı məqalələr və xatirələr toplusu nəşr edilib.
Kitaba AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ön söz, Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı Son söz yazıb. Toplunu filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Dilarə Adilgil tərtib edib.
240 səhifəlik kitabda ədəbi və elmi ictimaiyyətin, Şirindil müəllimi yaxından tanıyanların, doğmaların, onun xatirəsini uca tutan dostların, həmkarların, yetirmələrin xatirələri toplanıb. Xalq yazıçısı Elçin, millət vəkilləri Elnarə Akimova, Fazil Mustafa, Aqil Abbas, şair Qulu Ağsəs, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, elmlər doktorları Qorxmaz Quliyev, Vaqif Yusifli, Rafiq Yusifoğlu, Sara Osmanlı, Asif Rüstəmli, Vüqar Əhməd, Bədirxan Əhmədli və başqaları Şirindil Alışanlını görkəmli alim, yorulmaz tədqiqatçı və naşir, vətənpərvər ziyalı, həqiqi dost, böyük insan kimi dəyərləndiriblər. Kitabda əks olunan çoxsaylı fotolar alimin AMEA-da işlədiyi 40 ildən artıq dövrü əhatə edir.
Şirindil Həsən oğlu Alışanlının unudulmaz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır! Ruhu şad olsun!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.