Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.05.2025 15:02
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Rusiya Elmlər Akademiyası Dağıstan Federativ Tədqiqat Mərkəzində “9 May - Faşizm üzərində qələbə günü”nün 80 illiyi münasibətilə “Böyük Vətən Müharibəsi (1941-1945) Qafqaz xalqlarının tarixində: Qələbənin 80 illiyinə” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda onlayn şəkildə iştirak ediblər.

Bir neçə ölkənin alim və mütəxəssislərin qatıldığı konfransda Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Tahirə Həsənzadə “Bakı neftçiləri 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə” (“Бакинские нефтяники в период Великой Отечественной войны 1941-1945 гг.”), Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Aytən Quliyeva ““Böyük Vətən müharibəsi” mövzusu Süleyman Vəliyev yaradıcılığında” (“Тема “Великой Отечественной войны” в творчестве Сулеймана Валиева”), Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin kiçik elmi işçisi Günel Cəfərova isə “Böyük Vətən müharibəsində Bakı neftinin rolu” (“Роль бакинской нефти в Великой Отечественной войне”) mövzularında məruzə edib, çıxışlarında müharibə illərində arxa və ön cəbhədə vuruşan insanların qəhrəmanlığından, Bakı neftinin əvəzsiz rolundan, Azərbaycan neftçilərinin şücaətindən, o cümlədən şair və yazıçılarımızın bu mövzuya dair yaradıcılığından söz açıblar. Bildiriblər ki, müharibənin qələbə ilə bitdiyi 9 may tarixinin Azərbaycanda böyük təntənə ilə qeyd edilməsi ənənəsi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə olduğu kimi, bu gün də cənab prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Qeyd edək ki, beynəlxalq konfrans Rusiya Elmlər Akademiyası Dağıstan Federativ Tədqiqat Mərkəzi, həmin mərkəzin nəzdində fəaliyyət göstərən Q.Tsadası adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu, Dağıstan Dövlət Universiteti və Dağıstan Respublikası Mərkəzi Dövlət Arxivinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: