Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Bəşəriyyətin nicatı, insanlığın yüksəlişi naminə
26.08.2019 09:34
  • A-
  • A
  • A+

Bəşəriyyətin nicatı, insanlığın yüksəlişi naminə

“Odlar yurdu” Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biri olaraq maddi və qeyri-maddi irsi, özünəməxsus milli adət-ənənələri, tolerant və multikultural dəyərlərə sadiqliyi ilə seçilir. Xalqımızın böyüklüyü həm də bundadır ki, tarixən fərqli ictimai-iqtisadi formasiyalarda yaşamasına, təzyiq və təqiblərlə üzləşməsinə baxmayaraq, milli kimliyini təcəssüm etdirən dəyərləri qoruyaraq hifz etmiş, gələcək nəsillərə ötürmüşdür. Respublikamızın hələ Sovetlər Birliyi dövründə - kommunizm ideologiyasının təsiri altında milli özünəməxsusluğunu, mental dəyərlərini qoruyub saxlaya bilməsi həm də milli lider amili ilə şərtlənmişdir.

Bu il Azərbaycanda hakimiyyət olimpinə yüksəlişinin 50-ci ildönümünü qeyd etdiyimiz böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyev dövlətə rəhbərliyinin bütün dövrlərində milliliyi təcəssüm etdirən dəyərlərin, tarixi mədəniyyət nümunələrinin qorunması və təbliğini təmin etməklə yanaşı, bunu həm də dünya sivilizasiyasına “vizit kartı” kimi dəyərləndirmişdir.

Son 16 ildə ulu öndərin siyasi kursunu bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin mədəniyyət siyasəti də xalqımızın tarixən əxz etdiyi zəngin mənəvi dəyərlərin və sahib olduğu maddi irsin dünyada tanıdılmasına hədəflənmişdir. Bu məqsədlə nüfuzlu beynəlxalq təşkilatlarlarla əməkdaşlığa xüsusi diqqət yetirilir. Dövlətimizin başçısı ötən müddətdə xalqın malik olduğu bəşəri keyfiyyətlərin, tolerant və multikultural dəyərlərin ən böyük təbliğatçısı olmuş, maddi və qeyri-maddi irs nümunələrinin BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış nüfuzlu qurumu olan UNESCO xəttilə tanıdılması, mühafizəsi və təbliğinə çalışmışdır. Bu istiqamətdə yürüdülən ardıcıl dövlət siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan xüsusilə son 10 ildə qlobal mədəni, dini və humanitar yönümlü forumların, idman yarışlarının əsas təşkilatçılarından biri kimi çıxış edir, malik olduğu maddi-mənəvi irsi, ənənələri ilə sivil dünyanı heyrətləndirir.

2004-cü ildən əlahiddə statuslu ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu da nəcib, xeyirxah və humanist dəyərlərə tapınaraq bir tərəfdən ümummilli liderin zəngin dövlətçilik irsinin dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır, digər tərəfdən milli özünüməxsusluğu şərtləndirən dəyərləri bəşəri miqyasda təbliğ edir. Belə bir təşkilatın yaradılması ideyası rəsmi səviyyədə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 mart tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Fərmanında təsbit edilmiş, bununla qarşıya qoyulan məqsədlər kifayət qədər aydın və konkret şəkildə göstərilmişdi. Fond, ilk növbədə, ümummilli liderin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasi kursun öyrənilməsi və təbliği, habelə bu ideyaların reallaşdırılması niyyəti ilə yaradılmışdı. Qurum ilk gündən elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsi, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək məqsədini də qarşıya qoymuşdu.

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərilməsi; ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması; respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, ölkənin yaradıcı və elmi potensialının artırılması kimi məqsədlər də Fondun 15 illik fəaliyyətində prioritet istiqamətlər olmuşdur. Bundan əlavə, qurum uşaq müəssisələrinin infrastrukturlarının, tibbi təsisatların inkişaf etdirilməsi, ekologiya sahəsində mühüm tədqiqatların dəstəklənməsi, sağlam həyat tərzinin təbliği, Azərbaycanın ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarların keçirilməsi, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərinin təşkili sahəsində də uğurlu nəticələr əldə etmişdir. Dini tolerantlığın inkişafı, insan hüquq və azadlıqlarının qorunması kimi məqsədlər də bu sıraya əlavə oluna bilər.

Azərbaycanlı milli düşüncəsində xeyirxahlıq, nəciblik, mərhəmət, yaxşı əməl kimi mənəvi kateqoriyalar xalqımızın qərinələrlə formalaşan adət-ənənələrində, mənəvi dəyər və düşüncə sistemində qırmızı xətlə keçir. Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək, bir sözlə, savab işlər görmək eyni zamanda xalqımızın tapındığı İslami dəyərlərdən irəli gəlir. Heydər Əliyev Fondu son 15 ildə bu dəyərlərin cəmiyyətdə daha da möhkəmlənməsinə, fəaliyyəti ilə insanlara nümunə, örnək olmağa çalışmışdır.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bununla bağlı fikirləri maraq doğuran məqamlarla, nəcib, saf fikirlərlə zəngindir. Əslində, bu fikirləri xeyirxah, nəcib və mərhəmətli addımları ilə cəmiyyətdə böyük nüfuz sahibinə, milyonlarla insanın sevimlisinə çevrilmiş Azərbaycanın birinci xanımının ölkədə xeyriyyəçilik fəaliyyətinin genişlənməsinə açıq çağırışı kimi də dəyərləndirilə bilər: Fondun prezidenti bu barədə belə deyir: “Mən demək istəmirəm ki, biz insanların bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun probleminin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və bu gün biz Heydər Əliyev Fondu olaraq, bu ənənələri davam etdirməyə çalışırıq”.

2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edən Fondun prezidenti Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığı bir daha təsdiqini tapmışdır. Hər bir sivil cəmiyyətdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Amnistiya qanunverici tərəfindən humanizm və mərhəmət hissinin mücəssəməsi olub, sadəcə, cinayət törətmiş şəxslərin və məhkumların vəziyyətini yüngülləşdirir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir. Fondun prezidentinin təşəbbüsü əsasında gerçəkləşmiş amnistiya aktları cəmiyyətdə ürəkdən dəstəklənmiş, təqdir olunmuşdur.

Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlal Paşayev “Bir gəncin manifesti” əsərində böyük əziyyətlə toxuduğu xalçanın - sənət incisinin əcnəbiyə qismət olmasını istəməyən Sona xalanın dili ilə yazırdı: “İtə ataram, yada satmaram”. Bu yanaşma, əslində, qəlbi Vətən eşqi ilə döyünən böyük Azərbaycan ziyalısının xalqın maddi-mənəvi sərvətlərinə necə böyük ehtiramla yanaşmasının, milli irsin qorunub saxlanılması vacibliyi ilə bağlı cəmiyyətə verdiyi mesajın təcəssümü kimi daim həyatiliyini qoruyub saxlayır. Görünür, kökdən gələn ziyalı yanğısı və təəssübkeşliyidir ki, bu gün Mehriban Əliyeva da Azərbaycan mədəniyyətinin böyük hamisi kimi çıxış edir, onun qorunub saxlanılmasına, inkişaf etdirilməsinə çalışır.

Xatırlatmaq yerinə düşər ki, Mehriban xanım Əliyeva hələ 1995-ci ildən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi böhranla üzləşmiş milli mədəniyyətimizə böyük qayğı və diqqət göstərmişdir. 1995-ci ildən milli-mədəni incilərin qorunması, musiqi təhsilinin inkişafı, gələcək nəslin maarifləndirilməsi və digər sosial layihələrin icrası fondun diqqət mərkəzində olmuş, ardıcıl şəkildə təşkil edilən xeyriyyə konsertləri mədəniyyətin zəngin ənənələrinin qorunması işinə töhfə vermişdir.

2004-cü ildən Heydər Əliyev Fondunun fəaliyyətə başlaması bu sahədəki fəaliyyətə yeni təkan olmuşdur. Azərbaycanın birinci xanımının mədəni sahədə fəaliyyətinin mühüm istiqamətlərindən biri də respublikanın görkəmli şəxsiyyətlərinin yubileylərinin beynəlxalq miqyasda - nüfuzlu təşkilatlar səviyyəsində keçirilməsidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə Bakıda və Parisdə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyi keçirilmiş, Parisdə UNESCO çərçivəsində görkəmli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin 100 illiyi qeyd olunmuş, dünya şöhrətli ifaçılar - mərhum Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskayanm 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər hazırlanmışdır.

Dünya miqyasında tanınan, böyük nüfuz sahibi olan şəxsiyyətlərin köməyi ilə dünyanı narahat edən qlobal problemlərin həllinə töhfə vermək, humanizm ideyalarını təşviq etmək hazırda UNESCO-nun fəaliyyətində əsas trendlərdən biridir. Təşkilatın xoşməramlı səfirinin təsis edilməsində məqsəd də məhz humanist idealların gerçəkləşməsində böyük xidmətləri olan nüfuzlu şəxsiyyətləri bir araya toplamaq, onlarla əməkdaşlıq etməkdir. Qurumun xüsusi seçdiyi şəxsləri - xoşməramlı səfirləri sülh, ədalət, həmrəylik və qarşılıqlı anlaşma kimi meyarların qorunması naminə UNESCO-nun missiyasını dünyanın hər yerində insanların şüuruna aşılamaq vəzifəsi birləşdirir.

Qürurverici haldır ki, 2004-cü ilin sentyabrında UNESCO iqamətgahında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri Mehriban xanım Əliyevaya qurumun xoşməramlı səfiri fəxri adı verilmiş, onun gördüyü işlərin ümumən dünya miqyasında tərəqqiyə, sosial rifah və yüksəlişə, humanizm ideyalarının təşviqinə xidmət verdiyi xüsusi vurğulanmışdır. Mehriban xanım Əliyeva təqdimat mərasimindəki çıxışında bu seçimi yüksək məsuliyyət və öhdəlik kimi dəyərləndirərək demişdir: “Mənə bu yüksək adın verilməsi həm böyük şərəf, həm də məsuliyyətdir. Bu, mədəniyyətlər və sivilizasiyalar arasında, keçmişlə bu gün arasında əlaqə yaratmaq məsuliyyətidir”.

Dünyanın nüfuzlu mədəniyyət qurumunun Mehriban Əliyevaya göstərdiyi bu yüksək etimad həm də müasir dünyanın Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, dilimizə, incəsənətimizə göstərdiyi diqqətin ifadəsi olmuşdur. Bu təyinat eyni zamanda Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının öz fədakarlığını və bacarığını beynəlxalq miqyasda təsdiq etməsinə daha bir əyani sübut sayıla bilər. Ən nəhayət, bu ad Mehriban xanım Əliyevanın şifahi irsin və musiqi yaradıcılığı irsinin qorunub saxlanması, inkişafı sahəsində ortaya qoyduğu zəhmətin xoş bəhrəsidir.

Bu əlamətdar hadisədən sonra mötəbər təşkilatla Azərbaycan arasındakı münasibətlər yeni məcrada inkişaf etmiş, respublikamız öz problemlərini qurumun dəstəyilə sivil dünyanın diqqətinə çatdırmaq imkanı əldə etmişdir. İstər təhsil, istərsə də elm və mədəniyyət sahəsində həyata keçirilən müştərək layihələr dünya miqyasında sülh, sabitlik və tərəqqiyə çağırış məqsədi daşımış, savadsızlıq, gender bərabərsizliyi kimi problemlərin həllinə xidmət etmişdir.

Azərbaycan xalqının mədəni-mənəvi mədəniyyət nümunələrinin təşkilatın maddi və qeyri-maddi irs siyahılarına salınması istiqamətində aparılan genişmiqyaslı işlərin əhəmiyyətini isə xüsusi qeyd etmək lazımdır. 30 ildən çox müddətdə erməni separatizmi ilə üzləşən, cəlb olunduğu ədalətsiz müharibədə tarixi torpaqlarının 20 faizini itirən, işğal olunmuş ərazilərdəki çoxsaylı abidələri, mədəniyyət ocaqları varvarlıqla dağıdılan respublikamız səmərəli əks-hücum anlamında bu prosesə xüsusi əhəmiyyət verir. Həm də ona görə ki, reallıq hissini tamamilə itirmiş məkrli erməni ideoloqları bu gün Azərbaycanın təkcə tarixi ərazilərini deyil, mədəni incilərini, musiqi alətlərini və mətbəx nümunələrini həyasızlıqla özününküləşdirməyə çalışırlar.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Gəncəsar kilsəsinin “restavrasiyası” adı altında Qafqaz Albaniyasının mədəni irsinin erməniləşdirilməsi cəhdləri bunu bir daha nümayiş etdirir. Ermənilərin həmin abidəni 2011-ci ildə restavrasiya edərək tarixi saxtakarlığa yol vermiş, lakin onların kilsəni UNESCO-nun Ümumdünya Maddi İrs siyahısına daxil etmək cəhdləri baş tutmamışdır. Bu mənada, Mehriban xanım Əliyevanın misilsiz xidmətləri sayəsində UNESCO ilə əməkdaşlığın intensiv məcrada inkişafı Azərbaycana həm də düşmənin apardığı məkrli təbliğatı zərərsizləşdirmək imkanı verir.

Heydər Əliyev Fondunun Xarici İşlər Nazirliyi ilə birlikdə hazırladığı “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması”, habelə “Qarabağ həqiqətləri” kitabları bu istiqamətdə görülən işlərin miqyası barədə dolğun təsəvvür yaradır. Birinci kitabda işğal olunmuş Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində, işğal altındakı torpaqlarda tarixi-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən videomateriallar əlavə edilmişdir.

2019-cu il iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakı Konqres Mərkəzində keçirilən iclasda Azərbaycanın Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin sözügedən mədəniyyət qurumunun Ümumdünya İrs Siyahısına daxil edilməsi ölkəmizin zəngin mədəni xəzinəsinin təbliği yə mühafizəsi yönümündə aparılan siyasətin növbəti böyük uğuru olmuşdur. İndiyədək eyni zamanda, Azərbaycanın xalça sənəti, muğam sənəti, tar ifaçılığı, aşıq sənəti, habelə Novruz bayramı, cövkən atüstü oyunu, qadın baş geyimi olan kəlağayı təşkilatın Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Heydər Əliyev Fondunun xidmətləri sayəsində, həmçinin Azərbaycanın böyük tarixi şəxsiyyətlərinin, görkəmli mədəniyyət və söz adamlarının yubileyləri ötən illərdə UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunmuşdur.

Xatırlatmaq yerinə düşər ki, Şəki şəhəri hələ 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilmiş, 2010-cu ildə Azərbaycanın “Sənətkarlıq Paytaxtı” elan edilmiş, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmişdir.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin hələ 2017-ci ilin iyulunda Polşanın Krakov şəhərində keçirilən 41-ci sessiyasında isə Azərbaycan tərəfinin “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” təqdimatı əsasında Xan sarayı və Şəki şəhərinin mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi məsələsi müzakirə olunmuş, nominasiya ilə bağlı “referral” qərar verilmişdi. Azərbaycanın tarixi irs və sənətkarlıq mərkəzi olan Şəki şəhərinin adı elə həmin il UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə də salınmışdı. Bu şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas amili kimi çıxış edir. 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi.

Şübhəsiz, tarixi Xan sarayının və iki min ilə yaxın tarixi olan Şəki şəhərinin mərkəzi hissəsinin UNESCO-nun Ümumdünya Maddi İrs Siyahısına salınması, ilk növbədə, ötən illərdə Azərbaycanın təşkilatla münasibətlərinin yüksək səviyyədə qurulduğunu, qarşılıqlı faydalı əlaqələrdən ölkəmizin mənafelərinə uyğun səmərəli istifadə olunduğunu göstərir. 180-dən çox ölkədən 2500 nəfərdən çox nümayəndənin iştirak etdiyi sessiyada qəbul olunan tarixi qərar, ilk növbədə, Azərbaycanın təkcə paytaxtının deyil, regionlarının da malik olduğu zəngin maddi-mənəvi irsin dünya mədəni inciləri kimi qəbul olunduğunu, yüksək qiymətləndirildiyini göstərir.

Bu qərar həm də onu göstərir ki, UNESCO Azərbaycanda aparılan islahatları, o cümlədən mədəni irsin qorunması sahəsindəki ardıcıl siyasəti izləyir və təqdir edir. İkitərəfli əlaqələrin son 15 ildə yüksək səviyyədə qurulmasında, respublikamızın təşkilat daxilində maraq və mənafelərinin layiqincə təmin edilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi qeyd olunmalıdır. Fond 15 illik fəaliyyətində nüfuzlu beynəlxalq təşkilatlardan olan UNESCO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanaraq Azərbaycanın elm, təhsil və mədəniyyət sahəsindəki nailiyyətlərini dünya miqyasında geniş təbliğ etmək imkanı qazanmışdır. Heydər Əliyev Fondu ilk beynəlxalq tədbirini məhz bu təşkilatla birgə Bakı şəhərində təşkil etmiş, “UNESCO-Azərbaycan: gələcəyə körpü” mövzusunda konfrans təhsilin inkişafı ilə bağlı mühüm müzakirələrin aparılması, çıxış yollarının aranması baxımından səmərəli olmuşdur.

Xan sarayı və Şəki şəhərinin mərkəzi ilə bağlı qəbul olunmuş qərar həm də Azərbaycan xalqının multikulturalizm və tolerantlıq kimi yüksək bəşəri ideallara sadiqliyinin beynəlxalq miqyasda etirafıdır. Şəki şəhərinin simasında bunun UNESCO tərəfindən də etirafı sübut edir ki, Azərbaycan xalqı dünya mədəniyyətinə, müasir sivilizasiyaya yüksək mədəni incilər bəxş edən qədim etnoslardandır.

Fondun humanizmə və insanpərvərliyə əsaslanan fəaliyyəti təhsil və səhiyyə sahəsində həyata keçirilən layihələrdə də parlaq təcəssümünü tapır. Ötən illər ərzində bu istiqamətlər üzrə vətəndaşlara böyük sevinc bəxş edən bir sıra humanitar aksiyalar həyata keçirilmiş, səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insan yenidən sağlam həyata qaytarılmışdır.

2004-2018-ci illər ərzində Fonda müraciət etmiş insanlara kömək göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqə qurulmuş, minlərlə insanın müayinə və müalicəsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. Təhsil ocaqlarındakı kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr xüsusilə təqdirəlayiqdir. Bu layihələr səhhətindəki problemlər üzündən əziyyət çəkən insanları yenidən sağlam həyata qaytarır və onlara həyat eşqi verir. Bu baxımdan “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətdə daha böyük diqqət və rəğbətlə qarşılanmışdır. Ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərmiş Heydər Əliyev Fondu milli genefondumuzun qorunmasında da öz sözünü deyir. Azərbaycanın birinci xanımının başlıca məqsədlərindən biri də məhz xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etməkdir.

“Tibb işçisi kimi gözəl başa düşürəm ki, psixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir, çox mürəkkəb ictimai proseslər zəncirində axırıncı halqadır. Bunun arxasında yoxsulluq, zərərli adətlər və bəzən də sadəcə, müəyyən zəruri tibbi biliklərin yoxluğu dayanır. Bütün bunlar uzunmüddətli proqramların gerçəkləşdirilməsini tələb edir. Biz reallaşdırılması illərlə çəkəcək layihələrdən qorxmuruq, lakin eyni zamanda gözəl anlayırıq ki, bizdən ani tezliklə yardım və fayda gözləyirlər. Bütün bunları vəhdət halında birləşdirmək mürəkkəb vəzifədir, lakin necə deyərlər, yolun öhdəsindən yolçu gələr” - deyə Mehriban xanım Əliyeva vurğulayır.

Hər bir millətin fiziki-mənəvi sağlamlığının və kamilliyinin təmin olunması, eyni zamanda, idmanın, bədən tərbiyəsinin dinamik inkişafından keçir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Milli Gimnastika Federasiyasının prezidenti kimi bu yöndəki fəaliyyəti gənc nəslin fiziki-mənəvi sağlamlığının təmin olunmasına xidmət edir. Qısa müddətdə Azərbaycanın həmin idman növünün inkişafı istiqamətində atdığı əhəmiyyətli addımlar, habelə Bakıda bədii gimnastika üzrə mötəbər çempionatların keçirilməsi onun bu sahədə də yaxşı təşkilatçı və qayğıkeş rəhbər olmasının daha bir göstəricisidir.

Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri isə vətəndaşların Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlamış, bir sıra uğurlu nəticələr əldə etmişdir. Azərbaycanın birinci xanımının cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi həm də bölgələrdə yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Şübhəsiz, müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək, bu sahədə uğurlu nəticələr əldə etmək mümkün deyildir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində təkcə 2005-2007-ci illər ərzində Azərbaycanın müxtəlif regionlarında yüzlərlə yeni məktəb binası inşa olunmuş və lazımi avadanlıqlarla təchiz edilmişdir.

Fondun təhsillə bağlı layihələri sırf Azərbaycanla məhdudlaşmır: hələ 2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmamış, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilmişdir. 2008-ci ilin fevralında isə Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunmuşdur. Eyni zamanda, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Rusiyada, Gürcüstanda, Misirdə yeni məktəb binaları tikilərək istifadəyə verilmişdir.

Azərbaycanın birinci xanımının yüksək təşkilatçılığı ilə keçirilən tədbirlər də respublikamızın dünyada təbliğinə və tanıdılmasına xidmət edir. Məsələn, 7 il əvvəl Bakıda keçirilmiş “Eurovision- 2012” mahnı yarışması ümumən Avropada geosiyasi arealında ölkəmizin zəngin mədəniyyəti, musiqisi, incəsənəti barədə kifayət qədər dolğun təəssürat formalaşdırmışdır. Beləliklə, 2011-ci ildə Almaniyadan qələbə estafetini qəbul edən Bakı bir il sonra möhtəşəm şou ilə bütün dünyanın diqqətini bir daha özünə cəlb etmişdir. Müsabiqə ərəfəsində Bakıda olan minlərlə əcnəbi qonaq müsabiqənin çox yüksək səviyyədə təşkil olunduğunu, eyni zamanda, Azərbaycanın sürətlə inkişaf etdiyini açıq etiraf etmişlər. 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsində Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır.

Azərbaycan musiqisinin dünyada təbliği məqsədilə hər il Qəbələ rayonunda təşkil olunan beynəlxalq musiqi festivalları da ümumən Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu ilin avqust ayında keçirilmiş festival da beynəlxalq miqyasda hələ də aktuallığını itirmir, ölkəmizin yüksək mədəni sivilizasiyasının bariz göstəricisi kimi dəyərləndirilir.

Antik yunan filosofu Heraklit yazırdı ki, “Hər bir insanın xasiyyəti onun taleyidir”. Başqa sözlə, hər bir insanın xarakteri onun taleyini müəyyənləşdirir. Xarakter insanın mənəvi keyfiyyətini, fərqli cəhətlərini, obyektiv həqiqətə münasibətini də ifadə edir. Bu mənada, Mehriban xanım Əliyeva da üzərinə götürdüyü missiya ilə həyat kredosunu yüksək mənəvi keyfiyyətlər üzərinə qurduğunu, bəşəriyyətin nicatına çalışan böyük şəxsiyyətlərlə bir sırada addımladığını nümayiş etdirir. İnsan amilinin yüksəlişinə xidmət edən bu missiya, şübhəsiz, həm də Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalq naminə yürütdüyü siyasətə böyük dəstəkdir.

Aytən MUSTAFAZADƏ, AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı

"Respublika" qəzeti, 24 avqust 2019-cu il

  • Paylaş: