Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

ŞREM-in əməkdaşları fındıq qabığından bioekstrakt əldə ediblər
21.05.2020 12:30
  • A-
  • A
  • A+

ŞREM-in əməkdaşları fındıq qabığından bioekstrakt əldə ediblər

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) əməkdaşlarının yeni üsulla fındıq qabığından aldıqları bioekstrakt Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən ixtira kimi qiymətləndirilib. Mərkəz tərəfindən insanın həyati tələbatlarının təmin edilməsi üzrə ixtiraya patentin verilməsinə dair qərar qəbul edilib.

İxtiranın müəllifləri ŞREM-in direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü, elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov və şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilovdur.

Yeni ixtira əczaçılıq, qida və yüngül sənaye sahələrinə, xüsusilə tullantısız texnologiyaya əsaslanan fındıq qabığından alınmış, toz halında olan bioekstrakta aiddir. Müəlliflər bioloji aktiv mikro və makroelementlərlə zəngin, diurez, ürək-damar, qanazlığı xəstəlikləri və orqanizmin mikroelement balansının pozulmasına qarşı müalicə və profilaktiki vasitə kimi fındıq qabığından toz halında quru bioeksrtrakt təqdim ediblər. Bununla yanaşı, bioekstrat həyati vacib olan K, Na, Ca, Mg, Fe, Mn, Ni, Cu, Zn, Al ,Si ,P, S, Ba, Sr, Ti mikro və makroelementlərini ehtiva edir.

Təklif edilən üsul ilə alınmış bioekstraktın tərkibində insan üçün həyati vacib mikro və makroeletmentlərin, eləcə də yüksək müalicəvi təsirə malik bioloji fəal maddələrin olması ondan bir çox xəstəliklərin müalicə və profilaktikasında effektiv vasitə kimi istifadə edilməsinə imkan verir. Bioekstraktın tərkibində aromatik, dadverici və boya maddələri olduğundan ondan aromatizator, dadverici və qida əlavəedicisi kimi, həmçinin ipək, yun və pambıq saplarının boyanmasında istifadə də mümkündür.

Tədqiqatın nəticələrinə əsasən, 70 faizli etil spirti və adi su vasitəsilə ikipilləli ekstraksiya tətbiq etməklə mineral elementlər və bioloji fəal maddələrlə, boyayıcı piqmentlər və aromatizatorlarla zəngin bioekstraktın alınması üçün optimal rejim müəyyən edilib.

İxtiranın tətbiqi və patentin kommersiyalaşdırılması məqsədilə layihə hazırlanıb və AMEA-nın Yüksək Texnologiyalar Parkına göndərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: