www.science.az
26.06.2020 14:18

“Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” adlı kitab işıq üzü görüb

AMEA-nın Tarix İnstitutunda Azərbaycan Səfəvi imperiyası tarixinə dair araşdırmalar aparılır. Müəssisənin elmi-tədqiqat planına uyğun olaraq, bugünlərdə institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Tofiq Nəcəflinin “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti (Türkiyə tarixşünaslığında)” adlı kitabı çapdan çıxıb.

Nəşrin elmi redaktoru Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.

Monoqrafiyada Azərbaycan Səfəvi dövlətinin xarici siyasətinin Türkiyə tarixşünaslığında tədqiqi vəziyyəti öyrənilib. Əsərdə Səfəvi dövlətinin yaranması və möhkəmlənməsi prosesinin öyrənilməsində Türkiyə tarixçilərinin baxışı təhlil olunub.

Müəllif XVI-XVIII əsrin əvvəllərində Səfəvi və Osmanlı dövlətləri arasındakı siyasi əlaqələr, Səfəvilərin Məmlük dövləti, Şeybanilər, Türküstan xanlıqları, Böyük Moğol imperiyası, Böyük Moskva knyazlığı, gürcü knyazlıqları və Avropa ölkələri ilə qarşılıqlı əlaqələr tarixinin Türkiyə tarixşünaslığında tədqiqi vəziyyətini araşdırıb və dövrün mənbələrindən istifadə edərək təhlil edib. Nəşrdə Azərbaycan Səfəvi dövlətinin xarici siyasət tarixinə dair zəngin materiallar yer alıb.

Tarix İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitab tarixçilər, Azərbaycan Səfəvi dövlətinin xarici siyasət tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.