Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Düşmənlə mübarizədə əzmkar olmalıyıq
07.08.2020 14:28
  • A-
  • A
  • A+

Düşmənlə mübarizədə əzmkar olmalıyıq

Son bir neçə ayda dünyanın bütün ölkələrini cənginə alan COVİD-19 məlum olduğu kimi Azərbaycandan da yan keçməyib. Virusun yaratdığı fəsadlar təkcə insanların sağlamlığına vurduğu fiziki zərbə ilə bitmir. Belə ki, bu gün onun təsiri iqtisadiyyat, elm, təhsil, turizm və s. sahələrdə aydın hiss olunur və onun mənfi təsirlərinin yaxın gələcəkdə davam edəcəyi təəssüf ki, realdır.  Odur ki, virusdan qorunmaq hər birimizin ümdə vəzifəsinə çevrilməli və bunun üçün ən azı şəxsi gigiyena qaydalarına diqqət yetirmək, sosial məsafəni saxlamaq kimi Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu tələblərə əməl etməkdən ibarət olmalıdır. Əgər bu qaydalara əməl etsək, yaxın zamanda bu problemin həllini müsbət məcraya yönəldə bilərik.

Bu gün dövlətimiz COVİD-19-la yanaşı, uzun illərdir davam edən, hələ də öz həllini tapmayan, ərazilərimizin Ermənistan Respublikası tərəfindən 20%-ə qədərinin işğalını, yüz minlərlə soydaşımızın öz doğma yurdlarından didərgin salınmasını özündə əks etdirən Qarabağ problemi ilə də mübarizə aparır. Baxmayaraq ki, dünyanın demək olar bütün dövlətləri Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır və BMT bu məsələ ilə bağlı müvafiq qətnamələr qəbul edib, lakin problem öz ədalətli həllini hələ də tapmayıb. Bu da azğınlaşmış düşmənə, yəni Ermənistan Respublikasına öz işğalçılıq siyasətini davam etdirmək həvəsi verir. Bu yaxınlarda Tovuz istiqamətində baş verən hadisələr də bunu əyani şəkildə göstərdi. Lakin fərəh hissi ilə qeyd etmək istərdim ki, bu dəfə də işğalçılar öz layiqli cavabını aldılar.

Dünya ölkələri Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə əsgərindən generalına kimi vətənini qorumaq üçün canından belə keçməyə hazır olan peşəkar ordunun qurulduğunu, ordunun arxasında isə öz haqq səsini həm daxildə, həm də xarici ölkələrdə ucaldan böyük xalqının olmasını əyani şəkildə gördülər. Fikrimcə bundan sonra da hamımız, xüsusən də biz gənclər dövlətimizin apardığı daxili və xarici siyasətin hər yerdə dəstəklənməsi istiqamətində əzmlə çalışmalı və torpaqlarımızın bütövlüyü üçün hər zaman müsəlləh əsgər kimi Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır olmalıyıq.

Könül Baxşəliyeva, AMEA Mikrobiologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: