Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.12.2020 20:55
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun cari ildəki fəaliyyəti müzakirə edilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun cari ildəki fəaliyyəti müzakirə edilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şurasının AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə onlayn iclası keçirilib.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bölmə üzvlərini müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağ müharibəsində qazandığı böyük zəfər münasibəti ilə bir daha təbrik edib, Vətən savaşında həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyib.

Sonra akademik İradə Hüseynova toplantı iştirakçılarını gündəlikdə duran yeganə məsələ (Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin hesabatının müzakirəsi) ilə tanış edib və hesabatın təqdim olunması üçün sözü müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevə verib.

Ə.Quliyev torpaq və su resursları ilə bağlı elm sahələrinin inkişafının ölkədə kənd təsərrüfatı, o cümlədən ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Pandemiya dövrünün yaratdığı çətinliklərə diqqət çəkən natiq problemlərin çoxluğuna rəğmən kollektivin çalışdığını, elmi tədqiqatları davam etdirdiyini deyib. O, institutun laboratoriyalarında aparılan elmi tədqiqat işləri, dərc edilmiş elmi əsərlər, kadr hazırlığı, qrant layihələri, problemlər və perspektivlər haqqında da məlumat verib.

Sonra məruzəçi BTEB-in və institutun Elmi şurasının üzvlərinin suallarını cavablandırıb. İştirakçılar sualların çoxluğunu və kəskinliyini təqdimatda bir sıra məsələlərin yaxşı işıqlandırılmaması, laboratoriyaların işinə real qiymət verilməməsi ilə əlaqələndiriblər.

Hesabatın müzakirəsində BTEB-in üzvlərindən akademiklər - İradə Hüseynova, Məhərrəm Babayev və Validə Əlizadə, AMEA-nın müxbir üzvləri - Zeynal Əkpərov, İbrahim Cəfərov, Novruz Quliyev, Amin İsmayılov, elmlər doktorları - Ulduz Həşimova və Vahid Fərzəliyev, aqrar elm üzrə fəlsəfə doktorları - Niyazi Süleymanov, Azad Kərimov və digərləri çıxış edərək institut kollektivinin il ərzində apardığı işi məqbul hesab etməklə yanaşı, təqdimatla və müəssisədə elmi fəaliyyətin təşkili ilə bağlı ciddi tənqidi fikirlərini bildirərək, qurumun öz keçmiş şöhrətini qaytarmaq üçün görülən işlərin yetərli olmadığını vurğulayıblar. Çıxışlarda institutun elmi potensialından tam şəkildə istifadə olunmadığına, 300-ə yaxın əməkdaşın, o cümlədən AMEA-nın 2 həqiqi və 2 müxbir üzvünün, çoxsaylı elmlər və fəlsəfə doktorlarının çalışdığı bu böyük qurumda əldə olunan nəticələrin zəifliyinə, nəşr işinin, beynəlxalq jurnallara çıxışın aşağı səviyyədə olmasına, institutda narazılıqların mövcudluğuna diqqət çəkilib. Natiqlər, həmçinin gənclərin elmi tədqiqatlara cəlb olunmasında, beynəlxalq əlaqələrin təşkilində və digər sahələrdə mövcud olan problemləri də vurğulayıblar.

Çıxışlara yekun vuran akademik İradə Hüseynova da kollektivin əməyini ümumən müsbət qiymətləndirməklə yanaşı, tənqidi firkilərin haqlı olduğunu bildirib. O, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda ciddi struktur islahatlarının aparılmasına, elmi istiqamətlərə və mövzulara yenidən baxmağa, gənclərin dəstəklənərək daha məqsədyönlü şəkildə elmə cəlb edilməsinə ehtiyac olduğunu xüsusi vurğulayıb. Bu və ya digər problemləri institut rəhbərliyinin diqqətinə çatdıran akademik İradə Hüseynova bildirib ki, institutda impakt faktorlu jurnallarda nəşrolunma vəziyyəti qənaətbəxş deyil, alimlərin əksəriyyətinin əsərlərinə istinadlar ya heç yoxdur, ya da çox azdır. Bölmənin rəhbəri həmçinin institutun bəzi əməkdaşları tərəfindən müxtəlif icra hakimiyyəti və hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlərin göndərildiyini diqqət çəkərək, bu faktı idarəçilikdə buraxılmış nöqsanlarla əlaqələndirib.

Sonda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin hesabatı irad və təklifləri nəzərə almaqla qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: