Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nizami Gəncəvi İli” Azərbaycan ədəbiyyatının inkişafına yeni töhfələr verəcək
07.01.2021 14:45
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi İli” Azərbaycan ədəbiyyatının inkişafına yeni töhfələr verəcək

Azərbaycanın dünya ədəbiyyat tarixinə bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri də dahi şair Nizami Gəncəvidir. Azərbaycan, fars və ərəb dillərində yazıb yaradan, XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Nizami dünya tarixinə məsnəvi formasında yazdığı, 5 poemadan ibarət məşhur “Xəmsə” ilə daxil olmuşdur. Şair, eyni zamanda, çoxsaylı qəzəl, qəsidə və lirik şeirlərin müəllifidir.

Azərbaycanın zəngin ədəbi irsi və mədəniyyətinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman diqqət mərkəzində olmuşdur. Dövlət başçısı ədəbiyyat elminin inkişafına mühüm töhfələr vermiş şəxsiyyətlərin adının əbədiləşdirilməsi üçün kompleks tədbirlər həyata keçirmişdir. 2019-cu il ölkə prezidentinin müvafiq sərəncamı ilə Azərbaycanda “Nəsimi ili” elan olunmuş, həmin il çərçivəsində dahi şair Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş bir sıra toplantılar, elmi-praktiki tədbirlər, müxtəlif müsabiqələr keçirilmiş, kitab və məqalələr hazırlanmışdır.

2021-ci ildə isə böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev yanvarın 5-də 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunmuşdur ki, mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.

N.Gəncəvi ədəbiyyatımızda lirik yaradıcılığı, bəşəri ideyaları, yüksək sənətkarlığı və insan taleyi haqqında humanist düşüncələri ilə seçilən şairlərdəndir. Şərq İntibahının zirvəsi olan Nizami yaradıcılığında həmin dövrün ən humanist, ümumbəşəri ictimai-siyasi və sosial mənzərəsi bədii əksini tapmışdır. Şairin əsərlərindəki qəhrəmanlar əsas etibarilə insan şəxsiyyəti və əməyini uca tutaraq haqq, ədalət və düzgünlük uğrunda mübarizə aparırlar.

N.Gəncəvinin əsərləri dünyanın müxtəlif xalqlarının dilinə tərcümə olunmuşdur. Onun əsərlərinin nadir əlyazma nüsxələri Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd, Təbriz, Tehran, İstanbul, Dehli, London, Paris və s. kimi şəhərlərin məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Müasir dövrümüzdə də dillər əzbəri olan “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” kəlamı ilə böyük şair elmin insan həyatında, cəmiyyətin inkişafında necə böyük rola malik olduğunu vurğulamaqla yanaşı, həm də elmə verdiyi yüksək dəyəri ifadə etmişdir. Nizaminin zəngin irsi bu gün də gənclərin mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyət kəsb edir.

Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi, həmçinin Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır.

Təsadüfi deyil ki, qədim Bakı şəhərinin mərkəzində ucalan, cazibədar görünüşü ilə hər kəsin diqqətini cəlb edən Milli Azərbaycan Ədəbiyyatı Muzeyi məhz dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Dünyada yeganə ədəbiyyat muzeyi sayılan bu müqəddəs söz sarayı 70 ildən çoxdur ki, xalqımızın qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir. Burada ədəbiyyatımızın ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır. Xarici ölkələrdən odlar yurduna gələn qonaqlar muzeyi böyük maraqla ziyarət edir, burada Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olurlar.

Dahi şairin adını daşıyan elm ocaqlarından biri də AMEA-nın Ədəbiyyat İnstitutudur. Bu qurumda Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü və dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları araşdırılır. Ədəbiyyat İnstitutu böyük araşdırma ənənələri, görkəmli alimləri və adlı-sanlı yetirmələri ilə mühüm elmi mərkəzlərdən biri hesab olunur. Bu elmi-tədqiqat institutu bir əsrə yaxındır ki, ölkəmizdə ədəbiyyatşünaslıq elminin inkişaf etdirilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirir.

AMEA-nın Gəncə Bölməsində fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin əsas missiyası isə dahi mütəfəkkirin irsinin araşdırılması, Nizamişünaslığın aktual problemlərınin, elmi-fəlsəfi görüşlərinin, sənətşünaslığının tədqiq olunması, beynəlxalq əlaqələrin təşkili və şairin əsərlərinin müxtəlif dillərə tərcüməsidir.Böyük Britaniyanın Oksford Universitetində də Nizami Gəncəvi Mərkəzi fəaliyyət göstərir.

N.Gəncəvinin həyat və yaradıcılığı bütün dövrlərdə həm dövlətin və xalqın, həm də ədəbiyyatsevərlərin diqqət mərkəzində olmuşdur. Şairin yubileyləri ölkəmizdə təntənəli surətdə qeyd olunmuşdur. Dahi söz ustadının 800 illiyi ölməz sənətkarın irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır.

Ümummilli lider Heydər Əliyev də Nizami irsinə xüsusi diqqət yetirmiş, ulu öndərin təşəbbüsü ilə 1981-ci ildə dahi şairin 840 illik yubiley mərasimləri ölkənin ədəbi-mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə isə böyük mütəfəkkirin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə qeyd edilmişdir.

Cari ilin “Nizami İli” elan olunması Azərbaycan ədəbiyyat elminin inkişafında yeni bir mərhələnin əsasını qoymaqla yanaşı, həm də ədəbiyyatşünas alimlərin qarşısında yeni vəzifələri müəyyənləşdirir. Müvafiq Sərəncam Azərbaycan ədəbiyyatının ən böyük yetirmələrindən olan, dünya şöhrətli şair N.Gəncəvi irsinin geniş miqyasda tədqiqi, şairin əsərlərinə yeni baxışın ortaya qoyulması və onun zəngin yaradıcılığının dünyada təbliği istiqamətində yeni imkanlar açır.

Nərgiz QƏHRƏMANOVA, AMEA Yüksək Texnologiyalar Parkının mətbuat katibi, dissertant

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: