Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Karbohidrogenlərin çıxarılması və nəqli üçün innovativ texnologiyalar istiqamətində tədqiqatlar aparılıb
12.03.2015 00:00
  • A-
  • A
  • A+

Karbohidrogenlərin çıxarılması və nəqli üçün innovativ texnologiyalar istiqamətində tədqiqatlar aparılıb

AMEA Rəyasət Heyətinin bugünkü iclasında Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Geylani Pənahov və Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, akademik Əzizağa Şahverdiyevin “Karbohidrogenlərin çıxarılması və nəqli üçün innovativ texnologiyalar” mövzusunda məruzəsi dinlənildi. Məruzədə laylarda qalıq neftlərin çıxarılması ilə əlaqədar mövcud texnologiyalardan söz açıldı, neftqazçıxarma sənayesində bu sahədə yaranan bir sıra çətinliklərin həlli yolları əsaslandırıldı, şöbədə innovasiyalı texnologiyaların yaradılması istiqamətində görülmüş digər mühum işlər, yerinə yetirilmiş 6 qrant layihəsi və alınmış 60-dan çox patent barədə məlumatlar diqqətə çatdırıldı.

Məruzəçi bildirdi ki, lay daxilində qaz əmələgətirməyə həsr olunan yeni texnologiyanın yaradılması geniş müzakirə olunmuş, aparılan tədqiqat işləri müvafiq laboratoriyalarda yerinə yetirilmişdir. Laboratoriya tədqiqatlarının bilavasitə istehsalatla əlaqələndirilməsi və bu istiqamətdə yeni texnoloji işləmələrin həyata keçirilməsi, bunlara ixtira patentlərinin alınması və tətbiq coğrafiyası açıqlanmışdır. Qeyd etdi ki, bu texnologiya Rusiya Federasiyasının Samotlor (TNŞ), Novo-Pokursk (Slavneft), Vatyeqan (LUKOIL), Orenburq (Qazpromneft) neft şirkətlərinin yataqlarında, Çin Xalq Respublikasının quruda və dənizdə neftqazçıxarma sahələrində bir sıra texnoloji proseslərin tənzimlənməsində müvəffəqiyyətlə tətbiq olunmuşdur. Laydaxili karbon qazı əmələ gətirməklə neftveriminin artırılması məqsədilə yaradılmış texnologiya ABŞ-ın Energetika Departamenti tərəfindən verilən qrant çərçivəsində Oklahoma Ştatında, Maskoqi yatağında tətbiq edilmişdir.

Tədqiqatlar nəticəsində reofiziki parametrləri tənzimlənən kompozit tərkiblər, onların müxtəlif modifikasiyaları yaradılmış və quyularda qazma, sementləmə və istismar proseslərində yaranan problemlərin aradan qaldırılmasının təmin еdilməsi göstərilmişdir. Bu işlər ABŞ-ın Meksika körfəzində, RF-in Almetyevsk şəhərində, Qərbi Sibirdə və s. müxtəlif proseslər zamanı müvəffəqiyyətlə həyata keçirilmişdir.

Məruzə dinlənildikdən sonra AMEA Rəyasət Heyəti tərəfindən bir sıra qərarlar qəbul edildi.

Riyaziyyat və Mexanika İnstitutunda “Neftçıxarmanın intensivləşdirilməsi üçün innovativ texnologiyalar” mövzusu üzrə tədqiqatların müasir səviyyədə aparıldığı, aktual problemlərə həsr olunduğu qeyd edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: