www.science.az
13.11.2017 11:01

“Türkologiya” jurnalı beynəlxalq indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı SAJI (Scholar Article Journal Index) beynəlxalq indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb.

Türkologiya elminin tarixi və aktual problemləri, türk xalqlarının dilləri, ədəbi və mədəni zənginlikləri, eləcə də türk dillərinin müasir vəziyyətinə dair məqalələrin yer aldığı jurnal ilkin olaraq SAJI-nın 1,765 indeksinə layiq görülüb. 

SAJI Hollandiyada fəaliyyət göstərən beynəlxalq indeksləşdirmə və istinad mənbəyidir. Beynəlxalq təşkilatın əsas xidməti elmi məqalələrin nəşri və istinad olunması üçün müvafiq jurnalları tapmaqda müəlliflərə kömək göstərmək, jurnalların impakt faktorunu, onun yüksək səviyyəsini və üstünlüklərini təyin etməkdir. Burada müxtəlif sahələrlə bağlı minlərlə jurnallar var. 

Qeyd edək ki, akademik Kamal Abdullayevin baş redaktoru olduğu “Türkologiya” jurnalının ildə dörd sayı nəşr olunur. Jurnalda dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, mədəniyyət, incəsənət, yazılı abidələr və türkoloji mərkəzlərlə bağlı məqalə və resenziyalar çap etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.