www.science.az
15.11.2017 10:29

Udinlərin tarixinə və etnoqrafiyasına həsr olunan tədqiqat əsəri nəşr edilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Rauf Hüseynzadənin və tarixçi-etnoqraf, mərhum professor Qəmərşah Cavadovun “Udinlər. Tarix. Müasirlik. Maddi və mənəvi mədəniyyət” əsərinin rus dilində ikinci nəşri işıq üzü görüb.

Əsər Azərbaycan xalqının tərkib hissəsi olan və qədim tarixə malik udinlərə həsr edilib. Tədqiqat işi ədəbi mənbələr və etnoqrafik çöl-tədqiqatları materialları əsasında yazılıb.

Nəşrdə qədim dövrlərdən başlayaraq, xristianlığa qədərki və xristian Qafqaz Albaniyası dövrü, orta əsr (İslam) və müasir dövrədək udinlərin tarixi barədə məlumat verilir, onların dili, etnoqrafik və dini ənənələri ilə bağlı tədqiqatların nəticələrinə işıq salınır. Əsərdə erməni tarixçiləri və  erməni kilsəsi tərəfindən udinlərin tarixinə və milli özünədərkinə qarşı yönəlmiş saxtakar və qəsbkar siyasətin mahiyyəti faktlarla təhlil edilir. Bildirilir ki, müasir udinlər tarixi Qafqaz Albaniyasının  26 tayfasından biri olaraq, məhz bu günədək ölkə ərazisində tarixi və müasir tolerant mühitin mövcudluğu səbəbindən milli özünüdərklərini və dillərini saxlamaqdadırlar.

Azərbaycanda multikulturalizmin və milli azlıqların öyrənilməsinin təsdiqi baxımından əsər xüsusi əhəmiyyət daşıyır.

Kitab Azərbaycan xalqının, həmçinin onun tərkib hissəsi olan udinlərin keçmişi və müasir durumu ilə maraqlanan tarixçilər, etnoloqlar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, əsərin rus dilində birinci nəşri 2016-cı ildə Almaniyada çap olunub. Azərbaycan dilində isə artıq iki nəşri vardır.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.