Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.01.2018 14:05
  • A-
  • A
  • A+

AMEA-da fiziki imkanları məhdud şəxslərin hüquqları ilə bağlı tədbir keçirilib

AMEA-da fiziki imkanları məhdud şəxslərin hüquqları ilə bağlı tədbir keçirilib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Fiziki imkanları məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açılışı ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri, beynəlxalq təşkilatların təmsilçiləri, Paraolimpiya Komitəsinin nümayəndələri, “Loqos” tibb mərkəzinin əməkdaşları, alimlər və KİV nümayəndələri iştirak edib.

Dəyirmi masada institutun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə çıxış edərək rəhbərlik etdiyi qurumun fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması məsələsini daima gündəmdə saxladığını, müvafiq elmi-tədqiqat işləri apardığını, həmçinin bu istiqamətdə qanunvericilik təşəbbüsləri ilə çıxış etdiklərini söyləyib.

A.Mustafazadə ölkəmizdə fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həlli, həmçinin inklüziv təhsillərinin inkişaf etdirilməsinin, peşə hazırlığı, iş yerləri ilə təmin olunmasının vacibliyini vurğulayıb. O, sözügedən məsələlərin həllini tapmasında cəmiyyətin hər bir fərdinin yaxından iştirak etməsinin önəminə toxunub, o cümlədən əlillərə qarşı insanların münasibətinin dəyişməsinin zəruriliyini qeyd edib.

Alim bu istiqamətdə görülən işlərə daima ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstək verdiyini və diqqətdə saxladığını bildirib.

A.Mustafazadə institutda açılan yeni kafedranın əlillərin hüquqlarının qorunmasına və onların problemlərinin həllinə müsbət töhfə verəcəyini diqqətə çatdırıb. İnstitut direktoru, həmçinin fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya olunması problemləri sahəsində tədqiqatları daha da genişləndirmək məqsədilə Moskva Dövlət Humanitar-İqtisad Universiteti ilə müqavilə bağladıqlarını söyləyib.

Tədbirdə, həmçinin Milli Məclisin deputatı Jalə Əliyeva, Təhsil Nazirliyinin şöbə müdiri Anar Qədiməliyev, əlilliyi olan insanların hüquqlarının müdafiəçisi Sevda Səfərəliyeva, AMEA Elm TV-nin rəhbəri Xatirə Cabbarzadə, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və digərləri çıxış edərək fiziki imkanları məhdud şəxslərin təhsil, iş və texniki avadanlıqlarla təmin olunmasının, eləcə də cəmiyyətə inteqrasiyasının zəruriliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: