Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Məryəm Seyidbəyli: “AXC dövründə xarici ölkələrin ali təhsil müəssisələrinə 100-dən artıq tələbə göndərilmişdir”
20.02.2018 15:28
  • A-
  • A
  • A+

Məryəm Seyidbəyli: “AXC dövründə xarici ölkələrin ali təhsil müəssisələrinə 100-dən artıq tələbə göndərilmişdir”

Bu gün AMEA-nın Əsas binasında “Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə “Azərbaycan təhsilində tarixi varislik” mövzusunda çıxış edən Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə xaricdə təhsil almış tələbələr haqqında arxiv materiallarına dair məlumatları diqqətə çatdırıb, AXC-nin təhsil siyasəti ilə ümumilli liderimiz Heydər Əliyevin təhsil siyasəti arasındakı tarixi varislikdən söz açıb. Bildirib ki, cümhuriyyət dövründə Azərbaycandan xarici ölkələrin ali təhsil müəssisələrinə 100-dən artıq tələbə göndərilmişdir. Bu tələbələrdən 23-ü İtaliya, 45-i Fransa, 2-si Almaniya, 10-u İngiltərə, 9-u Türkiyə, 12 nəfəri isə süquta uğramış Rusiya imperiyasının müxtəlif ali təhsil müəssisələrinə (Moskva, Kiyev, Don, Xarkov və s.) göndərilmişlər.

M.Seyidbəyli bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin olunduqdan sonra tələbələrimizin aparıcı təhsil müəssisələrində tədris və ixtisasartırma fəaliyyəti yeni mərhələyə qədəm qoymuşdur. Təkcə 1972-ci ildə SSRİ-nin aparıcı təhsil müəssisələrinə 116 yer üzrə 400-dən artıq I kurs tələbəsi yönləndirilmişdir. Məruzəçi, həmçinin Azərbaycan SSR-dən 1972-ci və 1973-cü illərdə SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə göndərilən tələbələrin statistik göstəricisini təqdim edib.

Xaricə göndərilmiş tələbələrin müxtəlif ixtisaslar üzrə təhsil aldıqlarını deyən alim hüquq, fəlsəfə, riyaziyyat, astronomiya, defektologiya, bitkilərin mühafizəsi, iqtisadi kibernetika, hidroenergetika kimi sahələrdə SSRİ-nin bütün aparıcı təhsil müəssisələrinə qəbulun həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, həmin dövrdə xaricdə təhsil alan azərbaycanlı tələbələr yüksəkixtisaslı kadrlar kimi yetişərək Azərbaycanın siyasi-iqtisadi və ictimai həyatında mühüm rol oynayırdılar.

Tarixçi alim 1976-1980-ci illərdə aparılan təhsil siyasəti haqqında da məlumat verərək bildirib ki, həmin dövrdə Azərbaycanın ali təhsil müəssisələrinin pedaqoji heyətinin ixtisasartırması məqsədilə ümumilikdə 406 müəllim Moskva Dövlət Universitetinə göndərilmişdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: