www.science.az
17.04.2018 10:24

Amerikalı tədqiqatçı: "Qədim Mesopotamiyanın masaüstü oyunlarının Azərbaycan ərazisində mövcudluğunu sübut edən dəlillər var"

ABŞ-ın Arizona Dövlət Universitetinin və Amerika Təbiət Tarixi Muzeyinin əməkdaşı Valter Krist AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda keçirilən seminarda “Qədim Mesopotamiyanın masaüstü oyunları Azərbaycanda” mövzusunda elmi məruzə ilə çıxış edib.

Əvvəlcə institutun direktoru, professor Maisə Rəhimova amerikalı tədqiqatçı barədə iştirakçılara məlumat verib. Bildirib ki, əsas elmi tədqiqat istiqaməti Yaxın Şərqin qədim masaüstü oyunları olan V.Kristin fikrincə, qədim Azərbaycan ərazisində də masaüstü oyunların bəzilərinin mövcudluğunu sübut edən dəlillər vardır. Amerikalı alim Abşeron yarımadası ərazisində, o cümlədən, Qobustan abidələrində qeyd edilmiş, düzülüşü müəyyən qanunauyğunluğa malik qaya üzərində bəzi qayaüstü rəsmlərin qədim Yaxın Şərqdə mövcud masaüstü oyunlarla oxşarlığı, həmçinin qədim Azərbaycanda bu oyunların sosial konteksti və mədəni təsirlə Azərbaycana gəlməsi barədə fikirlər irəli sürüb. O, 2016-cı ildə ABŞ-ın Arizona Dövlət Universitetinin Antropologiya bölümündə “Tunc dövründə Kiprdə masaüstü oyunlar və artan sosial bərabərsizlik fonunda oyun qaydalarındakı dəyişiliklər” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.  

Sonra V.Krist elmi məruzəsini təqdim edib. Tədqiqatçı Qobustan qayalarında qeyd edilmiş bəzi rəsm və müəyyən qayda ilə düzülşmüş süni dəliklərin vaxtilə İshaq Cəfərzadə tərəfindən masaüstü oyunlar kimi şərh edildiyini bildirib. O, Qobustanda, Abşeron yarımadasının Türkan, Dübəndi və digər məntəqlərində qeyd edilmiş müəyyən tapıntıların Mesopotamiya, Qədim Misir, Anadolu, Kipr və hətta erkən orta əsrə aid Almaniya ərazisində aşkar edilmiş masaüstü oyunlarla oxşar olduğunu slaydlar vasitəsilə nümayiş etdirib. Amerikalı tədqiqatçı Qədim Misirdə “Tazılar və çaqqallar/58 xana” adlı oyunun müxtəlif varinatlarının Yaxın Şərqdə geniş yayıldığını, xüsusilə Qobustandakı Çapmalı tunc dövrü yaşayış yeri yaxınlığındakı qayaların birində süni dəliklərin düzülüşü ilə bu oyunun əks olunduğunu qeyd edib. V.Krist masaüstü oyunların növləri, onlarda qədim cəmiyyətdə baş verən sosial dəyişiliklərin naxışlar şəklində qeyd olunması, həmçinin qarşıda duran tədqiqat istiqamətləri barədə də məlumat verib.

Elmi məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda institutun elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nəcəf Müseyibli çıxış edərək özünün də bu istiqamətdə tədqiqatlar apardığını deyib. O, oxşar tapıntıların, rəsmlərin təkcə Cənubi Qafqazda deyil, tunc dövrü Avrasiya (Monqolustan, Altay dağları və d.) üzrə qayaüstü abidələrdə, həmçinin keramika məmulatlarında naxışlar şəklində qeyd edildiyini bildirib. Vurğulayıb ki, bu çeşiddən olan tapıntıların şərhi arxeoloq, kulturoloq və paleo-etnoloqların əsas tədqiqat sahələridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.