Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində “Qafqaz xalqlarının etnik tarixi və etnogenezi” mövzusunda Nax xalqlarının birinci beynəlxalq elmi konqresi keçirilib. Beynəlxalq tədbirdə Almaniya, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İordaniya, İsrail, Suriya, Özbəkistan, Qazaxıstandan olan nümayəndələr iştirak edib.
Konqresdə çıxış edən Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Qafqazda yaşayan xalqlar arasında sülh və əminamanlığın bərqərar olmasının önəmini vurğulayıb, Qafqaz respublikalarının, o cümlədən çeçen xalqının etnik tarixinin dərindən öyrənilməsinin zəruriliyini qeyd edib.
Tədbirdə ölkəmizi AMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Sakit Hüseynov, Folklor İnstitutunun şöbə müdirləri, filologiya elmləri doktorları - Qalib Sayılov və Seyfəddin Rzasoy, Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi Həsənağa Ramazanlı, Tarix İnstitutunun aparıcı elmi işçisi Dilavər Əzimli, həmin elmi müəssisənin aparıcı elmi işçiləri Xeyirbəy Qasımov və Alı Balayev və Texniki Universitetinin İctimai fənlər kafedrasının professoru Əyyub Kərimov təmsil ediblər.
Professor S.Hüseynov konqresin plenar iclasında çeçen etnosunun formalaşması prosesində mədəniyyətin rolundan danışaraq, Qafqaz xalqları arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasında multikultural dəyərlərin və tolerantlığın əhəmiyyətini diqqətə çatdırıb. Alim, həmçinin Azərbaycan və Çeçenistan arasında elmi əməkdaşlığın inkişafının zəruriliyini qeyd edib.
Çeçen xalqının etnik tarixinin formalaşmasında dini-fəlsəfi dünyagörüşün və milli-mənəvi mədəniyyətin mühüm rol oynadığını deyən S.Hüseynov çeçen xalqının mənəvi irsinin formalaşması prosesini şərh edib.
Daha sonra azərbaycanlı alim nəfis şəkildə nəşr olunan bir neçə kitabı Ramzan Kadırova və Çeçenistan Elmlər Akademiyasının prezidenti, akademik Şahrudin Qapurova təqdim edib.
Konqresdə Azərbaycan alimlərinin diqqətini cəlb edən məsələlərdən biri Abxaziya respublikası Elmlər Akademiyası Humanitar tədqiqatlar İnstitutunun elmi işlər üzrə müavini Quram Qumbanın plenar iclasdakı məruzəsi olub. “Nax xalqlarının etno-mədəni tarixi və etnogenez məsələləri” adlı məruzəsində Quram Qumba çeçenlərin etnomədəni tarixini “erməni mənbələrinə” əsaslanaraq Şumerlərlə bağlamağa cəhd göstərib. Bundan başqa, İrəvan Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan öz məruzəsində çeçenlərin tarixi köklərinin ermənilərlə bağlı olduğundan danışıb. Beynəlxalq tədbirdə Azərbaycan və çeçen alimləri bu fikrə qarşı etiraz ediblər. Etirazdan sonra çeçen etnogenezinin erməni tarixçilərinin mənbələrinə bağlanması fikri konqresin qətnaməsindən çıxarılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.