Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.12.2024 10:26
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində “Gənclər narkotikə ”Yox!” deyir” mövzusunda elmi seminar keçirilib

Lənkəran Regional Elmi Mərkəzində “Gənclər narkotikə ”Yox!” deyir” mövzusunda elmi seminar keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2024-cü il üzrə elan edilən qrant müsabiqəsinin qalibi olan “Gənclərin anti-narkomaniya” İctimai Birliyi ilə birgə “Gənclər narkotikə ”Yox!” deyir” mövzusunda elmi seminar keçirilib.

Əvvəlcə qonaqlar Mərkəzin foyesində şəhid Mahsun Bağırzadənin xatirə guşəsini ziyarət edib, önünə təzə-tər gül dəstələri qoyublar.

Elmi seminarı giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Əliyev qonaqları təqdim etdikdən sonra bildirib ki, qədim zamanlardan narkotik maddələr tibbdə istifadə olunmuşdur. Bu, elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki diffektlərlə də nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hissləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Tərkibində mərkəzi sinir sistemini qıcıqlandıran, tədricən onun fəaliyyətini zəiflədən bir sıra bitkilərdən tibbdə ağrıkəsici dərman kimi istifadə edilir.

Azərbaycan Respublikası “Gənclərin anti-narkomaniya” İctimai Birliyinin sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Büllur Məmmədova çıxışında qeyd edib ki, narkotik maddələrdən istifadə edən şəxslər çox vaxt bu maddələrin təsirinin yalnız fiziki rahatlıq verdiyini düşünür. Lakin narkotiklər qısamüddətli təsirin arxasında uzunmüddətli təhlükələr daşıyır. Onların gətirdiyi zərərlər həm fərdi, həm də ictimai miqyasda böyük problemlərə səbəb olur. Buna görə də narkotiklərin tələsinə düşməmək üçün maariflənmək və bu mövzuda davamlı fəaliyyət göstərmək vacibdir.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində Regional şöbənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Aqil Əhmədov, Lənkəran rayonlararası narkoloji dispanserin baş həkimi Vüqar Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran Regional Bölməsinin əməkdaşı Səyyad Babakişiyev və Lənkəran Şəhər İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sehran Alışov çıxış edərək Azərbaycan cəmiyyətində, xüsusilə gənclər və yeniyetmələr arasında narkomaniyanın yayılmasının qarşısını almaq məqsədilə bu bəlanın yayılma səbəblərindən, onun törətdiyi fəsadlardan danışıb və dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlərdən, qəbul edilən normativ, hüquqi sənədlərdən və s.  məsələlərdən söhbət açıblar.

Tədbirdə Lənkəran Tibb Kollecinin bir qrup tələbəsi iştirak edib. Fəallıq göstərən tələbələr  mükafatlandırılıb.

Elmi seminarı yekunlaşdıran Büllur Məmmədova yüksək təşkilatçılığa görə Lənkəran REM-in direktoru Mehman Əliyevə, qonaqlara və bütün iştirakçılara minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: