Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

28.09.2026 18:30
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti ilə görüşüb

Akademik İsa Həbibbəyli Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Çinin Honkonq Kore Akademiyasının prezidenti akademik Di Zhangın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AMEA-nın Əsas binasında keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli son illərdə Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, ölkələrimiz arasında siyasi, iqtisadi, elmi, mədəni əlaqələrin genişləndiyini söyləyib.

AMEA-nın Çinin akademik qurumları ilə münasibətlərə xüsusi önəm verdiyini deyən akademik İsa Həbibbəyli son illərdə Milli Elmlər Akademiyasının Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və Hebey Sosial Elmlər Akademiyası ilə sıx əməkdaşlıq etdiyini, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Çinə, eləcə də Honkonq Kore Akademiyasına səfərlərini xatırladan AMEA rəhbəri professor Di Zhangı Honkonq Kore Akademiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib, bugünkü görüşün akademiyalar arasında elmi əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyini söyləyib.

Öz növbəsində professor Di Zhang səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycan ilə Çin arasında dövlətlərarası münasibətlərin yüksək səviyyədə olmasının birgə elmi əməkdaşlıq üçün geniş imkanlar yaratdığını söyləyib. O, elmi əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Görüşdə həmçinin Azərbaycan və Çin alimləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, birgə elmi layihələrin və tədqiqatların həyata keçirilməsi, elmi tədbirlərin təşkili, elmi nəşrlər və digər istiqamətlər üzrə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra professor Di Zhang Honkonq Kore Akademiyasının həqiqi üzvü diplomunu və sertifikatını AMEA-nın akademik-katibi akademik Arif Həşimova təqdim edib.

Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Qəbələ rayonuna da səfər ediblər. Qonaqlar Qəbələ Arxeoloji Mərkəzini ziyarət edib, rayon ərazisində aparılan arxeoloji qazıntı işləri ilə yerində tanış olublar. Qəbələ arxeoloji ekspedisiyalarının rəhbərləri - tarix elmləri doktoru, professor Qafar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli burada aparılan qazıntı işləri və tapılan maddi mədəniyyət nümunələrinin çoxəsrlik tarixi barədə ətraflı məlumat veriblər.

Çin nümayəndə heyəti Qəbələ rayonu ərazisində yerləşən Nic monastrını ziyarət edib.

Tədbirlərdə Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini professor Raymond J. Vu və akademiyanın əməkdaşı Lyu Mey də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: