Müasir elmi fəaliyyət laboratoriyada, kitabxanada və ya kompüter qarşısında aparılan tədqiqatla məhdudlaşmır. Yeni nəşrlər, maliyyələşmə çağırışları, akademik vakansiyalar və əməkdaşlıq imkanları tədqiqatçının gündəlik qərarlarına təsir edir. Bu informasiya axınında öz mövzusuna uyğun məlumatı seçmək və vaxtında istifadə etmək gənc alimin peşəkar bacarıqlarından biridir.
“Harada qrant var?”, “Hansı laboratoriya ilə əməkdaşlıq edə bilərəm?”, “Sahəmdə hansı metod inkişaf edir?” suallarına ayrı-ayrılıqda cavab axtarmaq vaxt aparır. Daha səmərəli yanaşma bu axtarışları davamlı bir sistemdə birləşdirməkdir. Elmi radar məhz belə bir sistemdir: etibarlı mənbələri seçmək, məlumatı izləmək, uyğunluğunu qiymətləndirmək və nəticəni konkret fəaliyyətə çevirmək.
İnformasiyanın əlçatanlığı onun faydalı olması demək deyil. Tədqiqatçı çoxsaylı saytlara baxdığı halda mövzusuna uyğun çağırışı nəzərdən qaçıra bilər. Buna görə radarın keyfiyyəti izlənən mənbələrin sayı ilə seçilən məlumatın tədqiqat və karyera qərarlarına verdiyi töhfə arasında ölçü ilə müəyyən edilməlidir.
Maliyyələşmə imkanlarını məqsədə uyğun izləmək
Elmi ideyanın həyata keçirilməsində maliyyələşmə mühüm amillərdən biridir. Lakin hər qrant hər tədqiqatçı üçün uyğun hesab olunmur. İlk addım layihənin məqsədini dəqiqləşdirməkdir: eksperiment üçün avadanlıq və material lazımdır, xarici laboratoriyada təcrübə qazanmaq nəzərdə tutulur, yoxsa beynəlxalq tərəfdaşlarla birgə araşdırma planlaşdırılır?
Horizon Europe proqramı və EU Funding & Tenders Portal Avropa tədqiqat və innovasiya çağırışlarını izləmək üçün əsas mənbələrdəndir. ERC və Marie Skłodowska-Curie Actions istiqamətləri, həmçinin COST, TWAS və DAAD imkanları məqsəd və müraciət şərtlərinə görə ayrıca araşdırılmalıdır. Proqram, maliyyələşdirən qurum və elan portalı fərqli funksiyalar daşıyır və onların adlarını bilmək uyğun çağırışı müəyyənləşdirməyin yalnız başlanğıcıdır.
Axtarışı yalnız yaxın son tarixlərə yönəltmək hazırlıq üçün vaxtı azalda bilər. Uyğun proqram əvvəlcədən seçildikdə tədqiqatçı layihə ideyasını dəqiqləşdirmək, qəbul edən laboratoriya ilə əlaqə qurmaq və tələb olunan sənədləri toplamaq üçün daha çox imkan qazanır. Buna görə təqvimdə son müraciət tarixi ilə yanaşı, şəxsi hazırlıq mərhələləri də göstərilməlidir.
Hər elanda müraciətin fərdi və ya institusional olması, karyera mərhələsi, ölkə və qəbul edən təşkilat şərtləri, dəstəklənən fəaliyyət və son tarix yoxlanmalıdır. Elanın xülasəsi maraqlı görünsə belə, qərar rəsmi çağırış sənədinə əsaslanmalıdır. Uyğun elan üçün qısa qeyd aparmaq faydalıdır: məqsəd, tələblər, tərəfdaş ehtiyacı və növbəti addım.
Azərbaycanda Azərbaycan Elm Fondu, Elm və Təhsil Nazirliyi və digər aidiyyəti qurumların rəsmi elanları da izlənilməlidir. Təhsil, tədqiqat, mobillik və gənclər layihələrinə dəstək eyni məqsəd daşımadığından konkret proqramın tədqiqat ehtiyacına uyğunluğu ayrıca qiymətləndirilməlidir. Təkrarlanan çağırış mövzuları isə maliyyələşdirən qurumların prioritetlərini anlamağa kömək edə bilər.
Karyera imkanlarından bacarıq planına keçmək
Elmi karyera akademik vəzifə yüksəlişi ilə məhdudlaşmır. Xarici laboratoriyada iş, postdoktorantura, qısamüddətli elmi səfər və birgə layihə tədqiqatçının metodoloji təcrübəsini və əməkdaşlıq imkanlarını genişləndirə bilər. EURAXESS, Nature Careers, Science Careers və Academic Positions kimi platformalar bu imkanların axtarışına başlanğıc nöqtəsi ola bilər.
Vakansiyaları yalnız iş axtararkən oxumaq onların faydasını azaldır. Gənc alim uyğun elanlarda təkrarlanan metod, proqram təminatı, dil və layihə idarəetməsi tələblərini qeyd etməklə öz inkişaf planını qura bilər. Məsələn, maraqlandığı laboratoriyaların elanlarında müəyyən analiz üsulu tez-tez tələb olunursa, həmin üsulu öyrənmək növbəti təlim məqsədinə çevrilə bilər.
Belə bir plan ümumi “bacarıqlarımı artırmalıyam” niyyətindən daha praktikdir. Tədqiqatçı hansı bacarığı, hansı resursla və hansı müddətdə inkişaf etdirəcəyini müəyyənləşdirir. Bununla yanaşı, imkanın mövzuya uyğunluğu, rəhbərlik mühiti və gözlənilən elmi nəticə də nəzərə alınmalıdır.
Elmi gündəmi və sahə üzrə ədəbiyyatı izləmək
Ədəbiyyatın izlənməsi mövzunun seçilməsindən nəticələrin dərcinə qədər davam etməlidir. Ümumi elm xəbərləri geniş mənzərəni göstərir, ixtisaslaşmış nəşrlər isə tədqiqatın konkret suallarını dəqiqləşdirir. Nature, Science və elmi xəbər icmalları ilə sahə jurnallarını eyni məqsədlə oxumaq lazım deyil.
Kimyaçı üçün ACS və RSC nəşrləri, Chemical & Engineering News və Chemistry World kimi mənbələr fərqli səviyyələrdə məlumat verə bilər. Digər sahələrdə də uyğun elmi cəmiyyət və jurnallar seçilməlidir. Google Scholar, Web of Science və Scopus ədəbiyyat axtarışı və istinad əlaqələrinin izlənməsində, Crossref isə nəşr metadatası və DOI məlumatlarının yoxlanmasında istifadə oluna bilər. Mənbənin funksiyasını bilmək axtarışı məqsədə uyğun qurmağa kömək edir.
Açar sözlər üzrə bildirişlər izləməni asanlaşdırır. Başlanğıc üçün bir neçə dəqiq açar söz və əsas tədqiqat qrupu seçmək kifayətdir. Həddən artıq ümumi sorğu çoxlu əlaqəsiz nəticə yaradır. Buna görə də sorğular mövzu, metod və tədqiq olunan obyekt əsasında dəqiqləşdirilməlidir.
İlkin seçimdə başlıq və annotasiya oxunur, sonra metodun uyğunluğu və nəticənin tədqiqat üçün əhəmiyyəti qiymətləndirilir. Dərindən oxunan məqalə üçün “Nə yenidir?”, “Hansı məhdudiyyət var?” və “Mənim işimə nə verir?” suallarına qısa cavab yazmaq faydalıdır. Bu qeydlər sonradan ədəbiyyat icmalını və eksperiment planını hazırlamağı asanlaşdırır.
Elmi profili və nəşr etibarlılığını qorumaq
Tədqiqatçı həm məlumatı izləməli, həm də öz fəaliyyətini həmkarları üçün əlçatan etməlidir. Elmi profilin yenilənməsi, nəşrlərin düzgün əlaqələndirilməsi və tədqiqat maraqlarının aydın təqdimatı potensial əməkdaşların onu tapmasına kömək edir. ORCID tədqiqatçının identifikasiyasına, DOI isə konkret elmi əsərin və ya rəqəmsal obyektin identifikasiyasına xidmət edir.
Görünürlük etibarlı nəşr fəaliyyəti ilə dəstəklənməlidir. Jurnal seçərkən redaksiya heyəti, rəy prosesi, ödənişlərin şəffaflığı və indeksləşmə iddiaları yoxlanmalıdır. Sürətli qəbul vədi təkbaşına keyfiyyət göstəricisi sayıla bilməz. Müəlliflik töhfələrinin əvvəlcədən razılaşdırılması, düzgün istinad və nəticələrin şəffaf təqdimatı isə elmi reputasiyanın əsas şərtləridir.
Konfransları və elmi şəbəkələri əməkdaşlığa çevirmək
Konfransın dəyəri məruzə ilə yanaşı, mövzuya uyğun alim və qruplarla əlaqə qurmaq imkanındadır. ACS, RSC, IEEE və digər elmi təşkilatların tədbir elanları izlənə bilər. Seçim zamanı təşkilatçının etibarlılığı, proqramın uyğunluğu, iştirak xərci və mümkün elmi fayda birlikdə qiymətləndirilməlidir.
Tədbirdən əvvəl proqramı nəzərdən keçirmək, görüşmək istədiyiniz tədqiqatçıları seçmək və işinizi qısa təqdim etməyə hazırlaşmaq faydalıdır. Görüş zamanı yalnız öz nəticənizi danışmaq əvəzinə, qarşı tərəfin hansı problemi araşdırdığını da öyrənmək lazımdır. Ortaq maraq müəyyənləşdikdə növbəti ünsiyyətin məqsədi daha aydın olur.
Tədbirdən sonra isə əlaqəni konkret təkliflə davam etdirmək olar: metod haqqında sual, məlumat mübadiləsi və ya birgə müzakirə. Tanışlıq yalnız sonrakı qarşılıqlı fəaliyyətlə əməkdaşlığa çevrilir.
Yerli elmi mühit də radarın bir hissəsidir. AMEA Gənclər Akademiyası kimi platformalar müxtəlif sahələrdən olan gənc tədqiqatçıların əlaqə qurmasına və ideyaları müzakirə etməsinə imkan yarada bilər. Belə görüşlərdə iştirakın faydası tədbirlərin sayından çox, yaranan əlaqələrin ortaq tədqiqat sualına və davamlı əməkdaşlığa çevrilməsi ilə qiymətləndirilməlidir.
Fənlərarası baxışla yeni sualları görmək
Tədqiqatçının əsas diqqəti öz sahəsində qalmalıdır, lakin həmin sahəyə təsir edən iqtisadi, sosial və etik məsələlər də nəzərdən keçirilməlidir. Bütün elm istiqamətlərini eyni dərinlikdə izləmək əvəzinə, mövzuya birbaşa aid kəsişmələr seçilməlidir.
Məsələn, kimyaçı yeni katalizatorun aktivliyi və seçiciliyini araşdırarkən xammalın əlçatanlığını, prosesin enerji tələbini və iqtisadi səmərəliliyini də qiymətləndirə bilər. Bu baxış laboratoriyada uğurlu nəticənin tətbiq üçün hansı əlavə şərtlərə ehtiyac duyduğunu göstərir. Süni intellektlə işləyən tədqiqatçı üçün isə məlumatların istifadəsi, hüquqi çərçivə və etik məsuliyyət oxşar əhəmiyyət daşıyır.
Fənlərarası radarın praktik sualı belədir: “Başqa sahədəki hansı dəyişiklik mənim tədqiqat sualıma, metoduma və ya nəticənin tətbiqinə təsir edə bilər?” Cavab yeni tərəfdaşın seçilməsinə və layihənin daha əsaslı qurulmasına kömək etməlidir.
Süni intellektdən ilkin axtarışda istifadə etmək
Elicit, Consensus və Semantic Scholar kimi alətlər ədəbiyyat axtarışını və nəticələrin ilkin nəzərdən keçirilməsini asanlaşdıra bilər. Onların faydası uyğun məqalələri tapmaq, mövzu üzrə ilkin xəritə yaratmaq və dərindən oxunacaq materialı seçməkdədir.
Lakin avtomatik xülasə məqalənin özünü əvəz etmir. İstinadın mövcudluğu, nəticənin mənbəyə uyğunluğu və metodun məhdudiyyətləri yoxlanmalıdır. Alətin cavabını istifadə etməzdən əvvəl tədqiqatçı əsas iddianın hansı məqaləyə söykəndiyini müəyyənləşdirməli və həmin məqaləni oxumalıdır. Elmi qərara görə məsuliyyət tədqiqatçının üzərində qalır.
Elmi radarı davamlı iş rejiminə çevirmək
Radarı qurmaq üçün əvvəlcə əsas məqsəd müəyyənləşdirilir: ədəbiyyatı yeniləmək, maliyyələşmə tapmaq və ya əməkdaşlıq yaratmaq. Sonra hər məqsəd üçün bir neçə etibarlı mənbə seçilir, bildirişlər qurulur və uyğun məlumatlar vahid qeyd sistemində saxlanılır. Hər qeyddə mənbə, tarix, uyğunluq səbəbi və növbəti addım göstərilməlidir.
Həftədə bir saat ilkin monitorinq üçün başlanğıc modeli ola bilər: 20 dəqiqə maliyyələşmə və karyera elanlarına, 25 dəqiqə yeni nəşrlərin seçilməsinə, 15 dəqiqə tədbirlərə və qeydlərin yenilənməsinə ayrılır. Bu bölgü sərt norma sayılmamalıdır və tədqiqat mərhələsinə uyğun dəyişdirilə bilər. Məqalələrin dərindən oxunması və müraciətlərin hazırlanması ayrıca vaxt tələb edir.
Qeyd sistemi sadə cədvəl və ya istinad idarəetmə proqramı ola bilər. Vacib olan məlumatın sonradan asan tapılmasıdır. “Oxunacaq”, “yoxlanacaq”, “müraciət hazırlanacaq” kimi statuslar eyni məlumatı təkrar araşdırmağa sərf olunan vaxtı azaldır. Müraciət üçün uyğun olmayan elan da gələcək hazırlıq baxımından faydalıdırsa saxlanıla bilər və lakin bunun səbəbi qeyd edilməlidir.
Ayın sonunda seçilmiş məlumatın nəticəsi nəzərdən keçirilir: hansı məqalə eksperimentə təsir etdi, hansı əlaqə davam etdirildi, hansı müraciət hazırlanır? Fayda verməyən mənbələr çıxarılır, yeni ehtiyaclara uyğun mənbələr əlavə olunur. Beləliklə, izləmə vərdişi ölçülə bilən fəaliyyətə çevrilir.
İnformasiyadan əsaslandırılmış strategiyaya
Eyni mövzuda yeni çağırışların, nəşrlərin və tədbirlərin artması həmin istiqamətə marağın gücləndiyini göstərə bilər. Lakin bu siqnal mövzunu dərhal dəyişmək üçün kifayət etmir. Tədqiqatçı elmi boşluğu, öz təcrübəsini, resurslarını və mümkün tərəfdaşları birlikdə qiymətləndirməlidir.
Məsələn, katalitik tullantı emalı haqqında yeni nəticə diqqəti cəlb edirsə, ilk addım mövcud üsullarla müqayisə aparmaqdır. Sonra yerli xammala tətbiq imkanı və laboratoriyanın analiz imkanları yoxlanılır. Yalnız bundan sonra ilkin eksperiment və ya tərəfdaşla müzakirə planlaşdırılır. İnformasiya bu ardıcıllıqla tədqiqat qərarına çevrilir.
Gənc alimin elmi radarı məqsədli və davamlı informasiya işi üzərində qurulur. İmkandan vaxtında xəbərdar olmaq ilk addımdır, ondan yararlanmaq isə hazırlıq, uyğunluq və konkret fəaliyyət tələb edir. Mənbələri seçən, məlumatı yoxlayan və növbəti addımı müəyyənləşdirən tədqiqatçı öz elmi fəaliyyətini daha əsaslı planlaşdıra bilər.
Elmir BABAYEV, AMEA-nın Gənclər Akademiyasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.