AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Şahin Yəhyayevin “Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” kitabı çapdan çıxıb.
Əqiqi Bəxşayişinin 1995-2000-ci illərdə Təbrizdə və Qumda 5 cilddə nəşr edilən “Məfaxiri-Azərbaycan” əsəri əsasında hazırlanan bu kitabda Səfəvilərin hakimiyyəti dövründə Azərbaycan ərazisində yaşamış 120 fəqih, filosof, şair, yazıçı və xəttat haqqında məlumatlar yer alır. Ş.Yəhyayev əsərdən konkret bir tarixi dövr çərçivəsində müvafiq materialları seçib toplayaraq Azərbaycan dilinə tərcümə etməklə yanaşı, kitaba ön söz və şərhlər yazıb.
Bu əsər Azərbaycanın intellektual tarixinin, dini-fəlsəfi fikir tarixinin, ədəbiyyat və mədəniyyətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Kitabın ilk bölümündə fiqh elmində söz sahibi olanlar barədə məlumat yer alır. Ümumiyyətlə Əqiqi Bəxşayişinin əsərində adı qeyd edilən 207 fəqihdən nəzərdən keçilən dövrə aid 32 fəqih haqqında məlumat Ş.Yəhyayevin təqdim etdiyi kitabda diqqətə çatdırılır. İkinci bölümdə Əqiqi Bəxşayişinin kitabında təqdim olunan 24 filosofdan Səfəvilər dövründə yaşayıb-yaratmış 4-nün həyat və yaradıcılığı təqdim edilir. Kitabın ən böyük hissəsi şair, yazıçı və xəttatlara həsr olunub. “Məfaxiri-Azərbaycan”da tərcümeyi-halı yer alan 177 şair, 32 yazıçı və 19 xəttatdan ümumilikdə 84-nün məlumatı Ş.Yəhyayevin tərcüməsində təqdim edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.