AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin müdiri t.e.d., prof. Məryəm Seyidbəylinin “Azərbaycanda şərqşünaslıq elmi və təhsilinin tarixindən: tarixşünaslıq tədqiqatları və elmi ənənələr” adlı monoqrafiyası işıq üzü görüb.
Monoqrafiya milli şərqşünaslığın təşəkkülü və inkişafı, şərqşünaslıq elmi və ixtisas təhsilinin formalaşması və təkamülü proseslərinin geniş tarixi və tarixşünaslıq kontekstində kompleks tədqiqinə həsr olunub. Əsərdə milli şərqşünaslığın institusionallaşmasının əsas mərhələləri ardıcıl şəkildə işıqlandırılır, elmi və tədris məktəblərinin formalaşmasının xüsusiyyətləri təhlil edilir, həmçinin mənbəşünaslıq və mətnşünaslıq istiqamətlərinin inkişafı araşdırılır.
Tədqiqatda elmi nəsillər arasında varislik, metodoloji yanaşmalar və görkəmli alimlərin Şərqin sivilizasiya irsinin öyrənilməsinə verdikləri töhfələrə xüsusi diqqət yetirilir. Sistemli təhlil əsasında universitet təhsilinin və akademik elmin humanitar biliklərin inkişafında, eləcə də Azərbaycanın milli tarixi fikrinin formalaşmasındakı rolu açıqlanır.
Monoqrafiya tarixçilər, şərqşünaslar, filoloqlar, ali məktəb müəllimləri, doktorant və magistrantlar, həmçinin tarixşünaslıq, elm tarixi və regionun mədəni irsi məsələləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.