Azərbaycanda ən qədim dövlətlərin yaranma tarixi başlıca olaraq arxeoloji tədqiqatlar əsasında öyrənilir. Ənənəvi olaraq belə hesab edilir ki, Şimali Azərbaycan, yəni müasir Azərbaycan Respublikasının ərazisində ilk dövlət Qafqaz Albaniyası olmuşdur və bu dövlət Antik dövrdə, e.ə. IV əsrdə yaranmışdır. Belə bir fakt onunla əsaslanır ki, bu dövlət haqqında Antik dövrə aid müxtəlif dilli qədim yazılı mənbələrdə məlumatlar öz əksini tapmış, eyni zamanda arxeoloji qazıntılar nəticəsində də bu dövlətin şəhərləri və çoxsaylı qəbir abidələri tədqiq edilmişdir.
Şimali Azərbaycanda Albaniya dövlətinin yaranmasına qədərki bütün tarixi mərhələlər bir qayda olaraq ibtidai icma quruluşuna aid edilmişdir. Ən yaxşı halda e.ə. II minilliyin ikinci yarısı - I minilliyin əvvəlləri (Xocalı-Gədəbəy, Naxçıvan və Talış-Muğan mədəniyyətləri dövrü) ibtidai icma quruluşundan sinifli cəmiyyətə keçid, dövlətin ilk rüşeymlərinin yaranma mərhələsi kimi qiymətləndirilmişdir.
E.ə. IX əsrdə Van gölü ətrafında yaranmış, ermənilərə qədərki, indi Ermənistan adlandırılan ərazini işğal etmiş Urartu dövləti e.ə VIII əsrdən başlayaraq müəyyən qarətçi yürüşlər etsə də bilavasitə qonşu coğrafiyada yerləşən Azərbaycanın Naxçıvan, Qarabağ və Gəncə-Qazax bölgələrini ələ keçirib orada möhkəmlənə bilməmişdir. Bu bölgələrdə əhali qalalarda və müdafiə istehkamlarında möhkəmlənmiş və urartululardan müdafiə olunmuşlar. Arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş istehkam-qalalar və çoxsaylı silah nümunələri o dövrdə yadellilərə qarşı vuruşan silahlı qoşunların olduğunu, müdafiənin lazımi səviyyədə təşkil edildiyini, bunun üçün dövlət qurumunun olduğunu deməyə əsas verir. Urartunun hərbi yürüşlərini Naxçıvanda aşkar edilmiş Urartu yazıları da təsdiq edir.
Görkəmli arxeoloq, tarixçi və linqvist, Urartu mixi yazılarının tanınmış tədqiqatçısı İ.İ.Meşşaninov keçən əsrin 20-30-cu illərindəki araşdırmalarında müəyyən etmişdir ki, e.ə. VIII əsrə aid Urartu mətnlərində Göyçə gölündən şərqdəki ərazilər Albaniya (Kuha-Albani) adlandırılmışdır. Həmin mətnlərə əsasən Albaniya ərazilərinə hücumlar edən urartulular 20 qalanı, 120 şəhəri qarət etmiş, çoxsaylı insanları və mal-qaranı qənimət kimi aparmışlar. Onlar bu yerlərə gələndə çox zəngin, inkişaf edən bir ölkə ilə rastlaşmışdılar (Мещанинов, 1925; 1927; 1937). Əlbəttə, burada şəhərlər dedikdə urartulular yaşayış məskənlərini, qalaları nəzərdə tuturdular. Lakin həmin dövrdə Azərbaycan ərazisində qədim şəhər təsnifatına uyğun olan yaşayış məskənlərinin də sayı az deyildi.
Azərbaycanın bəzi arxeoloq və tarixçiləri ayrı-ayrı vaxtlarda İ.İ.Meşşaninovun əsərinə istinad edərək e.ə. VIII əsrə aid Urartu yazılarında Albaniyanın adının sadəcə bir ölkə olaraq göstərildiyini qeyd etmişlər. Eyni zamanda, arxeologiyaya aid cəmi bir neçə nəşrdə Albaniyanın maddi mədəniyyətinin bir sıra nümunələrinin e.ə. IV əsrdən 2-3 yüz il əvvələ aid bənzərlərinin olduğu barədə qısa məlumatlara rast gəlinir. Lakin Albaniyanın bir dövlət kimi e.ə. IV əsrdən daha qədimdə mövcudluğundan bəhs edilməmiş və bunu arxeoloji tədqiqatlarların nəticələri ilə əsaslandırmağa cəhd göstərilməmişdr. Yalnız son illər biz, İ.İ.Meşşaninovun əsərlərində öz əksini tapmış Urartu yazılarının təhlilləri və arxeoloji araşdırmaların nəticələrinə əsasən Urartu və Manna ilə eyni dövrdə Şimali Azərbaycan ərazisində Albaniya dövlətinin mövcud olduğu barədə ilk dəfə olaraq fikir irəli sürmüşük.
İ.İ.Meşşaninov Cənubi Qafqazla bağlı Urartu mənbələrini təhlil edərkən yazırdı ki, “Urartu çarı III Sardur şimalda İoniya, Veli-Kuhi (Kolxida?), Kuha-Albani (Albaniya) kimi əhəmiyyətli dövlətlərə, işklərin (skiflərin) çarlığına hücumlar edir, yəni az qala Qara dəniz və Xəzər dənizinin sahillərinə gedib çatır, öz hakimiyyətini Kür çayının cənub sahillərinə yayırdı” (Мещанинов, 1927).
Onu da qeyd etmək lazımdır ki, Urartu yazılarında urartuların hücum etdikləri, tarixşünaslıqda məhz dövlət kimi tanınan qədim dövlətlər də ölkə olaraq adlandırılmışdır. Bu məntiqlə həmin yazılarda ölkə kimi xatırlanan Albaniyanın məhz dövlət olaraq nəzərdə tutulması fikrimcə doğru nəticədir.
Bütün bunlar onu göstərir ki, urartuların hücumları zamanı, yəni e.ə. VIII əsrdə Albaniya dövlət olaraq artıq mövcud idi. Bu isə öz növbəsində Albaniya dövlətinin e.ə. VIII əsrdən daha əvvəllər yarandığını söyləməyə əsas verir. O dövrdə Albaniyanın hansı sərhədlərə malik olduğunu müəyyən etmək gələcək tədqiqatların qarşısında duran vəzifədir.
Göründüyü kimi, e.ə. VIII əsrə aid Urartu mənbələrində və onların təhlillərində Albaniya həm ölkə, həm də dövlət olaraq xatırlanır. Diqqətəlayiq haldır ki, yazılı mənbələrin bu məlumatları arxeoloji qazıntıların nəticələri ilə daha da möhkəmlənir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Son Tunc-İlk Dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyəti abidələrində aparılan tədqiqatlar zamanı onlarla qalalar (o cümlədən iri, erkən şəhər tipli), çoxsaylı silahlar aşkar edilmişdir. Bu qalaların bir çoxu Urartu çarlarının qarətçi hücumlarının arealında yerləşirdi.
Eyni zamanda, Qəbələ, Dərbənd, Mingəçevir, Qaratəpə (Mil düzündə) və s. yaşayış yerlərində Son Tunc-İlk Dəmir dövrü təbəqələrinin davam edərək bilavasitə Antik dövrə bağlanması faktları artıq müəyyən edilmişdir (Museibli, Akhundova, 2022). Albaniyanın paytaxt şəhəri olan Qəbələ şəhər yerində aparılmış arxeoloji qazıntılar burada hələ e.ə. I minilliyin başlanğıcında şəhər tipli yaşayış məskəninin olduğunu və burada həyatın Antik dövrə qədər davam etdiyini göstərir. Yəni həmin qədim şəhər təbəqəsi ilə Antik şəhər təbəqəsi (e.ə. V-III əsrlər) arasında xronoloji fasilə olmamışdır. Bu arxeoloji araşdırmalar qədim Qəbələ şəhərinin hələ e.ə. I minilliyin başlanğıcında yarandığını göstərir. Gələcək qazıntılar zamanı bu şəhərin müdafiə, inzibati və məbəd tikililərinin qalıqlarının aşkar ediləcəyi istisna deyil.
Albaniyanın torpaq və daş qutu tipli qəbir abidələrinin mənşəyi bilavasitə əvvəlki, Son Tunc-İlk Dəmir dövrünə bağlanır. Belə qəbirlərdə insanların yanı üstdə, zəif və sıx bükülü vəziyyətdə dəfnləri hər iki dövr üçün səciyyəvidir. Antik Albaniyanın abidələrinin əsas tapıntıları olan keramika məmulatı, bəzək əşyaları, eyni zamanda silah nümunələrinin təhlili onların hazırlanma texnologiyasının, tipoloji xüsusiyyətlərinin Xocalı-Gədəbəy mədəniyyəti ənənələri ilə irsi bağlı olduğunu göstərir. Arxeoloji tədqiqatlar göstərir ki, Albaniyanın xristianlığa qədərki dini inamlarının mənşəyi Xocalı-Gədəbəy mədəniyyətinə və qismən daha qədim dövrlərə bağlanır (Müseyibli, 2025).
Şimali Azərbaycan əraziləri Yaxın Şərqin qədim sivilizasiyalarının bilavasitə periferiyasında yerləşdiyindən həmin regionda gedən sosial-mədəni, siyasi proseslərin təsir dairəsində olmuşdur. Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində gedən sosial-iqtisadi, mədəni proseslər bilavasitə Ön Asiyadakı sosial-siyasi vəziyyətlə sıx təmaslar halında inkişaf edirdi. Orta Tunc dövründə – e.ə. II minilliyin birinci yarısında ətrafı möhkəmləndirilmiş protoşəhər tipli yaşayış məskənləri (Naxçıvanda II Kültəpə, Qarabağda Üzərliktəpə, Qaraköpəktəpə) meydana çıxmışdır. Bu yaşayış məskənlərinin Ön Asiyanın şəhər dövlətləri tipində ilk siyasi qurumlar olması istisna deyildir.
Sonrakı dövrdə – e.ə. II minilliyin ikinci yarısında Şimali Azərbaycan ərazilərində sürətli demoqrafik artım, iqtisadi inkişaf yüksək səviyyəyə qalxmışdır. Nəticədə cəmiyyətdə əmlak bərabərsizliyi, sosial diferensiasiya, təbəqələşmə prosesləri güclənmişdir. Silahlı birləşmələrə malik siyasi qurumlar, daha geniş arealları əhatə edən iri tayfa ittifaqları meydana çıxmışdır. Xocalı-Gədəbəy, Naxçıvan və Talış-Muğan mədəniyyətlərinin yayıldığı bölgələr belə ittifaqların arealları idi. Həmin dövrdə bu proseslər daha da güclənmiş və çox ehtimal ki, siyasi qurumun daha mükəmməl forması olan mərkəzləşmiş dövlət meydana çıxmışdır. Bu dövrdə, e.ə. IX əsrdə qonşu regionlarda – Şərqi Anadoluda Urartu, Cənubi Azərbaycanda Manna, bir qədər sonra, e.ə. VII əsrdə Midiya kimi böyük dövlətlərin yaranması Şimali Azərbaycan ərazilərindəki proseslərə siyasi baxımdan təsir etməyə bilməzdi. Bu dövrdə Naxçıvanda, Qarabağda, Gədəbəy, Daşkəsən ərazilərində möhkəmləndirilmiş müdafiə istehkamlarına malik yaşayış yerlərinin çoxalması regionda baş verən siyasi-hərbi proseslərlə birbaşa bağlı idi. E.ə. IX-VIII əsrlərdə yadellilərin, o cümlədən Urartunun hücumlarından müdafiə üçün belə şəhər-qalalarını, e.ə. VIII-VII əsrlərdə şimaldan köçərilərin, yürüşlərinin qarşısının alınması üçün Dərbənd keçidində müdafiə istehkamlarını inşa edən cəmiyyət heç şübhəsiz dövlət qurumuna malik olmalı idi.
Beləliklə, yazılı mənbələr və arxeoloji qazıntılar təxminən 3 min il əvvəl – Son Tunc-İlk Dəmir dövründə, Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti arealında, bu mədəniyyətin inkişafı nəticəsində yaranmış, Şimali Azərbaycan ərazisinin böyük hissəsini əhatə edən dövlət qurumunun olduğunu və bu dövlətin məhz Albaniya adlandığını göstərir. Qədim Azərbaycan dövləti olan Albaniya skif tayfalarının Azərbaycana hücumlarından, Midiya və Əhəməni dövlətlərinin meydana çıxmasından bir neçə yüz il əvvəl yaranmışdır.
E.ə. VII əsrdə şimaldan Albaniya ərazilərinə skif tayfalarının hərbi yürüşləri baş vermişdir. Skiflər təxminən 80 il müddətində Kür çayı ilə Urmiya gölü arasındakı ərazilərdə məskunlaşmış və buradan Ön Asiyaya qarətçi hücumlar edirdilər. E.ə. 550-331-ci illərdə mövcud olmuş İran Əhəmənilər dövləti görünür Cənubi Qafqazı da öz siyasi təsiri altına sala bilmişdir. Arxeoloji qazıntılarla Qazax, Şəmkir rayonlarında, şərqi Gürcüstanda Əhəmənilərə aid inzibati mərkəz qalıqlarının aşkar edilməsi belə nəticəyə gəlməyə imkan verir. Lakin nə skiflərin nə də Əhəmənilərin hərbi-siyasi mövcudluğu yerli Alban siyasi sisteminin tamamilə ləğv edilməsi anlamına gəlmir. Onlar yerli mədəniyyətə əhəmiyyətli dərəcədə təsir göstərə bilməmişlər. Bu müddət ərzində Albaniya ərazisində ən geniş yayılmış dəfn adəti (torpaq qəbirlər) davam etmiş, kütləvi istehsal (dulusçuluq, bəzək əşyaları, silahlar) vahid ənənələr əsasında inkişaf etmişdir. E.ə. 323-cü ildə Makedoniyalı İskəndərin vəfatından sonra – IV əsrin son rübü - III əsrin əvvəlində Albaniya on minlərlə döyüşçüdən ibarət ordusu, yerli pul vahidləri, kütləvi silah istehsalına malik daha müstəqil, güclü bir dövlətə çevrilmişdir.
Nəcəf Müseyibli, Tarix elmləri doktoru, professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.