Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.12.2024 13:58
  • A-
  • A
  • A+

RSXM-də seysmik stansiya əməkdaşları üçün treninq keçirilib

RSXM-də seysmik stansiya əməkdaşları üçün treninq keçirilib

Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) seysmik stansiya rəhbərləri və əməkdaşlarının iştirakı ilə iclas keçirilib.

İclasda çıxış edən RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli tədbirin keçirilməsində əsas məqsədin 2024-cü il ərzində seysmik stansiyalar tərəfindən görülmüş işlərin müzakirə olunması, eləcə də stansiyaların əməkdaşlarının cihaz və avadanlıqların iş prinspi ilə bağlı məlumatlandırılması ilə bağlı olduğunu deyib.

Baş direktor çıxışında 2024-cü ildə Azərbaycanda aparılan kompleks seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar və alınmış nəticələr haqqında da ətraflı məlumat verərək, qarşıda duran vəzifələr barədə danışıb. RSXM-nin baş direktoru tədbirdə mərkəz əməkdaşlarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.

İclasda RSXM-nin baş direktorunun ümumi işlər üzrə müavini Ramiz İskəndərov seysmik stansiyalarda görülmüş texniki işlər, aparılmış tikinti-təmir işləri haqqında məlumat verib. Aparılan işlərə dair sualları cavablandırıb. İclasda RSXM-nin seysmik stansiyalarının rəhbərləri və əməkdaşları mövsüm dəyişikliyi ilə bağlı seysmik stansiyalarda görülən hazırlıq işləri haqqında məlumat veriblər.

Daha sonra seysmik stansiyaların əməkdaşları üçün elektron sənəd dövriyyəsi, SİMA, eləcə də cihaz və avadanlıqların texniki parametrləri və iş prinspləri ilə bağlı treninq keçirilib. Mərkəzin müvafiq şöbələrinin rəhbərləri seçilmiş mövzular üzrə təqdimatlarla çıxış edərək, treninq iştirakçılarının suallarını cavablandırıblar.

Qeyd edək ki, iki gün davam edəcək treninq dekabrın 25-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: