Martın 28-də Fiziologiya İnstitutu Elm Günü münasibətilə Azərbaycan Tibb Universitetinin Onkoloji klinikası ilə birgə elmi seminar keçirib.
Tədbirdə Fiziologiya İnstitutunun direktoru, b.e.d. Ulduz Həşimova Elm Gününün əhəmiyyətindən, ölkədə elmin inkişafına göstərilən dövlət qayğısından danışıb. Alim Elm Günü münasibətilə institut əməkdaşlarını təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
U.Həşimova bildirib ki, rəhbərlik etdiyi elmi müəssisə son illərdə AMEA-nın prioritet istiqamətləri kimi qəbul edilmiş herontologiya və biotibb sahələrində tədqiqatlarını genişləndirib və beynəlxalq əməkdaşlıq çərçivəsində multidissiplinar xarakterli layihələr həyata keçirir. O, institutun son ildə müxtəlif fondlar, o cümlədən Elmin İnkişafı Fondunun dəstəyini almış 11 elmi-tədqiqat layihəsinin iştirakçısı olduğunu diqqətə çatdırıb.
Elmi seminarda Rusiya Federasiyasının D.O.Ott adına Mamalıq, Ginekologiya və Reproduktologiya Elmi-Tədqiqat İnstitutunun Patomorfologiya şöbəsinin rəhbəri, professor İqor Kvetnoy “Qocalmanın neyroimmunoendokrin mexanizmləri. Bukkal epiteli və yaşla bağlı xəstəliklərin fərdiləşdirilmiş diaqnostikası və target terapiyasının optimallaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzənin həmmüəllifi həmin institutun Hüceyrə biologiyası laboratoriyasının rəhbəri, prof. Viktoriya Polyakovadır.
Daha sonra Belarus Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Hüceyrə texnologiyaları laboratoriyasının rəhbəri L.Nikolaeviç “Polien antibiotiklərinin in vitro şiş hüceyrələrinin klonal heterogenliyinə təsiri” mövzusunda məruzəsi dinlənilib.
Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.