Aprelin 4-də AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birgə təşkilatçılığı ilə Elm Gününə həsr olunan “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfrans keçirilib.
Tədbiri Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov açaraq rəhbərlik etdiyi müəssisənin yaranma tarixi barədə məlumat verib. Bildirib ki, ölkə başçısının 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan institut ölkəmizdə yüksək mənəvi mühitin qorunub saxlanılmasına, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edir.
C.Məmmədov son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında onun əhəmiyyətinin artırılması, elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini deyib.
Konfransın mövzusuna toxunan alim İslamın meydana gəldiyi gündən savadsızlığa, cəhalətə və mövhumata qarşı mübarizə apardığını, nazil olan ilk Quran ayələrində, həmçinin Məhəmməd Peyğəmbərin hədislərində müsəlmanları elmə, təhsilə, maariflənməyə, onu yaymağa, alimlərə hörmət bəsləməyə çağırdığını söyləyib.
Rektor müasir dövrdə ilahiyyat sahəsində görülən işlər, qarşıda duran hədəflər barədə də məlumat verərək, gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması məqsədilə elm və təhsil əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.
Sonra çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli İslamın yarandığı gündən elmi təbliğ etdiyini, eləcə də elmlə dinin məqsədlərinin üst-üstə düşdüyünü deyib.
2019-cu ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə "Nəsimi ili" elan olunduğunu xatırladan T.Kərimli İ.Nəsiminin Azərbaycan humanist ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olduğunu və bəşəriyyətə insansevərliyi aşıladığını söyləyib.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı və GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək İslam və elmin qarşılıqlı münasibətlərindən, “Qurani-Kərim”də elmə böyük əhəmiyyət verilməsindən, gənclərin elmə cəlb olunması, ölkəmizdə ziyalı potensialının artırılmasından danışıblar.
Konfransda, həmçinin fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Elm anlayışı: müasir Qərb və müsəlman nöqteyi-nəzərlərinin təhlili”, tarix üzrə fəlsəfə doktoru Elnur Həsənovun “Gəncə şəhərinin tarixi-dini memarlıq abidələri multikulturalizm və tolerantlıq ənənələrinin mühafizəçisidir”, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirovanın “İslam dininin tətbiqi sənət nümunələrinə təsiri”, Nərgizxatun Həsənovanın “Beytülhikmət və Darülhikmət nümunəsində islamda elmi və fəlsəfi institutlar” və Zeynəb Həcəmovanın “İslam dünyasında elm və fəlsəfə məktəbləri” mövzusunda məruzələri dinlənilib.
Konfrans məruzələr ətrafında müzakirələrlə davam etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.