AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) Daş dövrü arxeologiyası şöbəsinin müdiri, t.e.d., professor Əsədulla Cəfərovun “Qarabağ: Ulu Vətənimiz” kitabının təqdimatı keçirilib.
Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Ə.Cəfərovun Azərbaycan arxeologiya elminin inkişafında, o cümlədən Qarabağın arxeoloji mədəniyyətinin təbliğində mühüm xidmətləri olduğunu söyləyib. Akademik nəşrin müəllifin uzun illər ərzində Qarabağda apardığı arxeoloji tədqiqat işlərinin nəticələrinə, həmçinin elmi və pedaqoji fəaliyyətinin yekunlarına həsr edildiyini bildirib.
IV bölmədən ibarət əsərdə Ə.Cəfərovun Azıx mağarasının paleolit arxeoloji mədəniyyətləri haqqında geniş məlumatlar verdiyini deyən İ.Həbibbəyli kitabda Qarabağın, o cümlədən Azıx paleolit düşərgəsinin tarixini saxtalaşdırmağa cəhd edən ermənilərin əsassız fikirlərinin faktlarla təkzib olunduğunu vurğulayıb. Qeyd edib ki, Qarabağın arxeoloji mədəniyyətləri Azıx, Tağlar, Şuşa, o cümlədən Naxçıvanın Qazma, Lerikin Buzeyir və Zuvandçay düşərgələrində tapılan maddi-mədəniyyət qalıqları müəllifin elmi-publisistik məqalələrində oxucuya təqdim olunur.
O, həmçinin Ə.Cəfərov haqqında dövri mətbuatda yazılan məqalələr, eləcə də Azərbaycan, keçmiş Sovet və Avropa alimlərinin müəllifin tədqiqatlarına dair rəylərinin nəşrdə əksini tapdığını söyləyib.
Tədbirdə, həmçinin AEİ-nin direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova, AMEA-nın müxbir üzvləri - Əminağa Sadıqov, Şahbaz Muradov, Vəli Əliyev, professorlar - Fərahim Sadıqov, Şahin Fazil və digərləri çıxış edərək Ə.Cəfərovun elmi fəaliyyətindən, Azərbaycan arxeologiya elminin inkişafındakı xidmətlərindən danışıblar.
Sonda Ə.Cəfərov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.