Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.06.2019 16:22
  • A-
  • A
  • A+

SETM-nin hərbi məhsulları Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində nümayiş olunur

SETM-nin hərbi məhsulları Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində nümayiş olunur

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sənədə əsasən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) də iştirak edib. Hər iki ölkə ordusunun şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi hava qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələrinin cəlb edildiyi təlimdə SETM-in hərbi məhsulları nümayiş olunub. Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olunması məqsədi daşıyan təlimdə istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə təcrübəli mütəxəssislər tərəfindən baxış keçirilib. Hərbi mütəxəssislər SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli məhsulların son hazır nümunələrini yüksək qiymətləndiriblər.

SETM iyun ayında Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimdə istifadə olunan silah-sursatın nümayiş etdirildiyi sərgidə də təmsil olunub.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun izlədiyi sərgidə SETM-in əməkdaşları tərəfindən mərkəzdə hazırlanmış müdafiə təyinatlı məhsullar uğurla nümayiş etdirilib. Təlimdə müvəffəqiyyətli təqdimata görə əməkdaşlar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Fəxri Fərmanla təltif olunublar.

Qeyd edək ki, SETM intellektual, hərbi-elmi və texniki potensiallarının daha da artırılması və ümumi elmi-texniki məkanın yaradılması, müştərək elmi tədqiqatların icrası və əldə olunan elmi, texniki və texnoloji nailiyyətlərin ən yaxşı şəkildə tətbiqi və istifadə olunması istiqamətində hazırda 50-ə yaxın layihədə iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: