Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.06.2019 14:37
  • A-
  • A
  • A+

“Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda müzakirələr aparılıb

“Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda müzakirələr aparılıb

İyunun 27-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli “Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” adlı məruzə ilə çıxış edib. Azərbaycanın qədim tarixinin öyrənilməsində arxeoloji tədqiqatların əhəmiyyətindən danışan alim əsas məqsədin bu istiqamətdə aparılan araşdırmaları müasir elmi tələblər səviyyəsinə çatdırmaq olduğunu bildirib.

Direktor müavini qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin arxeologiya elminin inkişafı ilə əlaqədar imzaladığı sərəncamlar əsasında son on ildə institut işğal edilmiş ərazilər istisna edilməklə bütün bölgələrdə genişmiqyaslı tədqiqatlar aparıb, elmə məlum olmayan yüzlərlə abidələri aşkara çıxarıb. Ötən müddətdə həyata keçirilən arxeoloji tədqiqatlardan danışan məruzəçi vurğulayıb ki, Mingəçevir su anbarı ətrafında aparılan araşdırmalar zamanı 1 milyon ildən artıq yaşı olan daş alətlər tapılıb, bununla da ilk dəfə olaraq bu vaxta qədər yalnız Qarabağdakı Azıx mağara düşərgəsində təmsil olunan “Quruçay” arxeoloji mədəniyyətinin daha geniş arealda yayıldığı müəyyənləşdirilən bu mədəniyyət beynəlxalq elmdə qəbul edilib. İlk dəfə olaraq Qax və Zaqatala rayonları ərazisində yaşı 450-500 min il olan mağara tipli ibtidai insan düşərgələri məlum olub.

Tədbirdə beynəlxalq elmi səciyyə daşıyan istiqamətlərdən biri olan Xalkolit/Eneolit dövrünə aid Leylatəpə arxeoloji mədəniyyət abidələrinin tədqiqindən bəhs edən natiq söyləyib ki, bu araşdırma o dövrdə Azərbaycan ərazisindəki cəmiyyətlərin Şimali Mesopatomiya-Şərqi Anadolunun qədim sivilizasiyaları ilə eyni mədəni ənənələr mühitində inkişaf etdiyini göstərir.

Məruzəçinin sözlərinə görə, “Böyük İpək yolu” beynəlxalq ticarət yolları üzərində yerləşən son Antik və Orta əsr Azərbaycan şəhərlərində aparılmış arxeoloji qazıntılar zamanı Çin, Hindistan, Orta Asiya, İran istehsalı olan çoxsaylı tapıntılar – məişət və bəzək əşyalarının aşkar edilməsi tarixi “Böyük İpək yolu” ticarətində Azərbaycanın fəal iştirakçı olduğunu sübut edir.

Arxeologiyanın multidissiplinar tədqiqatların aparılması üçün geniş imkanlar yaratdığını deyən N.Müseyibli bu elm sahəsinin geologiya, kimya, botanika, zoologiya kimi dəqiq elmlərlə vəhdətdə inkişaf edəcəyini  söyləyib: “Arxeoloji qazıntılar zamanı abidənin yerləşdiyi sahənin və aşkar edilmiş daş alətlərin, bir sıra mineralların geoloji xüsusiyyətlərinin araşdırılmasında geoloq mütəxəssislərin bilik və təcrübəsindən istifadə etmək lazım gəlir. Bütün bunlar, arxeoloji abidələrə təsir göstərən təbii-fiziki prosesləri tədqiq edən “geoarxeologiya” adlı multidissiplinar istiqamətin yaranmasına səbəb olmuşdur”. Sonra bildirilib ki, paleobotanik araşdırmalar əsasında arxeoloji abidənin əmələ gəldiyi qədim dövrün müəyyən mərhələsində bölgənin bitki örtüyü və iqlimi barədə informasiya əldə edilir, paleozooloji tədqiqatlar arxeoloji mərhələdə yayılmış heyvan növlərini müəyyən edir, paleoantropoloji tədqiqatlar imkan verir ki, insan sümüklərilə qida rasionu, keçirdikləri xəstəliklər, ölüm səbəbləri öyrənilsin. Bundan əlavə, qədim insanların kəllə sümükləri əsasında onların antropoloji tipi müəyyənləşdirilir ki, bu da etnogenez tarixinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - İbrahim Quliyev, Rasim Əliquliyev, Tofiq Nağıyev, İradə Hüseynova, Ramiz Məmmədov, Fəxrəddin Qədirov, Vaqif Fərzəliyev, Vaqif Abbasov, AMEA-nın müxbir üzvləri - Oqtay Səmədov, Namiq Cəlilov, tarix elmləri doktoru, dosent Məryəm Seyidbəyli, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Məruzə Rəyasət Heyətinin qərarı ilə bəyənilib. Tədbirdə İctimai Elmlər Bölməsinə tapşırılıb ki, yer, kimya və fizika-riyaziyyat və texnika elmləri bölmələri ilə birgə Azərbaycanda arxeologiya elminin inkişafına dair kompleks tədbirləri özündə əks etdirən layihə hazırlanıb  noyabr ayının 1-dək Rəyasət Heyətinə təqdim edilsin.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: